6 Dekabr 2021 12:00
656
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident Bəşər Əsədə yaxın dairələr 10 ildən artıqdır müharibə, zorakılıq və qeyri-müəyyənliyin davam etdiyi Suriyada milyard dollarlıq narkotik imperiyası qurub.

Teleqraf.com xəbər verir ki, bu iddia ilə “Nyu-York Times” qəzeti çıxış edib.

Rəsmi sənədləri və yazışmaları dərc edən qəzet, xüsusilə Səudiyyə Ərəbistanı və digər ərəb ölkələrində çox məşhur olan qeyri-qanuni və asılılıq yaradan amfetamin və kaptaqon məhsulunun Əsədə yaxın şəxslər tərəfindən intensiv şəkildə istehsal edildiyini yazıb.

Narkotik ticarətinin ölkənin qanuni ticarətindən artıq olduğu vurğulanan məqalədə bunun Suriyanı dünyanın ən yeni narkotik ölkəsi etdiyini bildirib.

Narkotikin istehsal və paylaması prosesini Suriya ordusunda dördüncü silahlı bölməsi tərəfindən nəzarət edildiyi xatırladılır, Suriyanın ən güclü adamlarından biri və Suriya lideri Əsədin kiçik qardaşı Mahir Əsədin bu prosesə başçılıq etdiyi qeyd olunur. İstehsal olunan dərmanların bir çox ölkəyə göndərildiyini, lakin əsas hədəfin ərəb ölkələri olduğu bildirilir.

Qəzet Suriya iqtisadiyyatının müharibə və zorakılıq səbəbiylə çox pis vəziyyətdə olduğunu, ABŞ-ın sanksiyalarından xilas olmaq və yeni gəlir kanalları yaratmaq üçün narkotik ticarətinin zirvəyə çatdığını xatırladıb. Beynəlxalq təhlükəsizlik qurumlarının məlumatlarına görə, son illərdə Yunanıstan, İtaliya, Türkiyə və Səudiyyə Ərəbistanı kimi ölkələrdə dəyəri 1 milyard dollardan çox olan narkotik vasitələrin ələ keçirildiyi qeydə alınıb.


Müəllif: Nemət