Ötən gün Türkiyə və Ermənistan xarici işlər nazirlərinin qarşılıqlı olaraq əlaqələrin qurulmasına dair açıqlamaları qatı millətçi - Daşnaksütyun Partiyasının etirazına səbəb olub.
Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, Daşnaqsütyun Partiyasının funksioneri İşxan Saqatelyan iddia edib ki, “milli müqavimət” Türkiyənin və ona xidmət edən qüvvələrin gündəmini poza bilər.
Erməni parlamentinin vitse-spikeri olan Saqatelyan iddia edib ki, təmsil olunduğu partiya uzun müddətdir ki, Ermənistan və Türkiyə hakimiyyət orqanları arasında pərdəarxası danışıqlar barədə məlumat verirdi, amma Ermənistan hakimiyyəti isə bu məlumatı təkzib edir. Saqatelyanın sözlərinə görə, münasibətlərin normallaşdırılması üçün iki ölkənin xüsusi nümayəndələrinin təyin olunması ilə bağlı dünən açıqlanan məlumat göstərir ki, gizli danışıqlar aparılıb və bu, xüsusi nümayəndələrin təyin edilməsi zərurəti yarandığı səviyyəyə qədər çatdırılıb.
Daşnaksütyun liderlərindən biri qeyd edib ki, 2020-ci il müharibəsindən əvvəl Türkiyə Ermənistan qarşısında 3 əsas ilkin şərt sürürdü: “Erməni “soyqırımının” beynəlxalq səviyyədə tanınmasının rədd edilməsi, Türkiyə ilə mövcud de-fakto sərhədin hüquqi tanınması, Qarabağ probleminin həlli. Müharibədən sonra Ankara Zəngəzur dəhlizi ilə bağlı daha bir ilkin şərt irəli sürüb. Ermənistan hakimiyyəti öz proqramı ilə Ankaranın “soyqırımın” beynəlxalq səviyyədə tanınması tələbindən imtina etmək ilkin şərtini əsaslı şəkildə təmin etdi və Qarabağ məsələsinin həll olması Türkiyənin daha bir ilkin şərtinin yerinə yetirilməsinə dəlalət edir. Bundan sonra Ermənistan və Türkiyə hakimiyyətləri arasında gizli razılaşmaların olması faktdır, Ankara heç vaxt ilkin şərt olmadan diplomatik münasibətləri təsdiqləməyə hazır olmayıb”.