7 Yanvar 2022 13:52
1 470
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bir neçə həftə, hətta günlər ərzində Qazaxıstan şəhərlərində asayiş bərpa olunduqdan sonra KTMT qoşunları ölkəni tərk edəcək. Demək olar ki, hamısı geri çəkiləcək”.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.

Onun sözlərinə görə, Qazaxıstana göndərilən KTMT qüvvələrinin 1.5 min nəfəri hərbi və dövlət obyektlərinin mühafizəsi ilə məşğul olacaq.

“Qazaxıstanın təhlükəsizlik qüvvələri Rusiya və Belarusdan olan təcrübəli yoldaşlarının arxasında özlərini güvəndə hiss edirlər. Əminik ki, çətin anlarında onlara dəstək olacaqlar. Buna görə də üsyançılara qarşı qəti və inamlı hərəkət edə bilərlər”, - ekspert bildirib.

Markovun sözlərinə görə, Qazaxıstanın təhlükəsizlik qüvvələri Rusiya Prezidenti Vladimir Putinin onları dəstəklədiyini duyurlar: “Beləliklə, onlar üsyançılara qarşı qətiyyətlə hərəkət edə bilərlər. Çünki Putin onların tərəfindədir”.

Ekspert KTMT qüvvələrinin bir müddət sonra Qazaxıstanı tərk edəcəyini iddia edib:

“Bir neçə həftə, hətta günlər ərzində Qazaxıstan şəhərlərində asayiş bərpa olunduqdan sonra KTMT qoşunları ölkəni tərk edəcək. Demək olar ki, hamısı geri çəkiləcək. Amma KTMT qoşunlarına qarşı partizan müharibəsinin başlaya biləcəyi qorxusu həmişə olmalıdır. Əks-kəşfiyyat ayıq-sayıq olmalıdır və durmadan işləməlidir”.

Markov Rusiyanın Prezident Kasım Jomart-Tokayevi “xilas” etdiyini də bildirib:

“Rusiya Prezident Tokayevin xilas edilməsi üçün Qazaxıstan rəhbərliyinə hansı şərtləri irəli sürüb? Türkiyə mediası 4 şərtin olduğunu yazır; Krımın Rusiya ərazisi kimi tanınması, ikinci dövlət dili statusunun rus dilinə qaytarılması, etnik ruslara muxtariyyət statusu və Qazaxıstanda Rusiya hərbi bazalarının qurulması.

Realist səslənir. Qazaxıstandakı ruslar həqiqətən qorunmalıdır. Rus dilinin sıxışdırılmasına imkan verməməliyik. Bu isə son illərdə inkişaf edən rusofobiyanın qarşısını alacaq. Hərbi bazalar isə güc zəmanəti yaradır. Amma hakimiyyətin məntiqini başa düşdüyümə görə, daha bir tələb olmalıdır: Qazaxıstan iqtisadiyyatında Britaniya şirkətlərinin tədricən Rusiya şirkətləri ilə əvəzlənməsi. Orada çoxlu Britaniya şirkəti var, bunların sayını azaltmaq lazımdır. Bu, strateji təhlükəsizliyin ən mühüm şərtlərindən biridir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər