31 Yanvar 2022 18:00
763
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni Zelandiya sərt karantin qaydalarına görə ölkəsinə qayıda bilməyən, hamilə olan və Talibanın icazəsi ilə Əfqanıstanda yaşamalı olan jurnalist Şarlotta Bellisin durumundan danışır.

Teleqraf.com xəbər verir ki, Bellis ABŞ qoşunlarının çıxarılması haqda reportaj yazmaq üçün Əfqanıstana getdikdən sonra hamilə olmasına baxmayaraq, ölkəsinə qayıtmaq üçün icazə ala bilməyib.

Yeni Zelandiya hökuməti ölkə daxilində COVID-19-un yayılmasının qarşısını almaq üçün xaricdəki vətəndaşlarına ən azı 10 gün hərbi nəzarətdə olan karantin otellərində qalmağı tövsiyə edir. Bununla belə, pandemiyanın başlanğıcından bəri minlərlə zelandiyalının növbə gözləyərək xaricdə qalması barədə məlumatlar da var, çünki otellərdə kifayət qədər yer yoxdur. Baş nazir Jakinda Ardernin karantin otel tətbiqinin qeyri-adekvatlığı da tez-tez tənqid olunur.

Jurnalist Şarlotta Bellisin vəziyyəti də ölkədə hiddət yaradıb. O, “The New Zealand Herald” üçün yazdığı məqalədə ölkəsi tərəfindən rədd edildiyini və sevgilisi ilə Talibana müraciət etməli olduqlarını deyib. Bellis Talibanın qadın hüquqlarına baxışını şübhə altına alan bir jurnalist kimi başına gələnləri “vəhşi ironiya” adlandırıb.

“Hamilə, subay qadın kimi Taliban sizə təhlükəsiz sığınacaq təklif edəndə vəziyyətinizin nə qədər bərbad olduğunu anlayırsınız”, – jurnalist qeyd edib.

Ötən ilin avqustunda “Əl-Cəzirə” üçün ABŞ-ın Əfqanıstandan çəkilməsini yazan Bellis sentyabrda Qətərə qayıdanda “Nyu-York Tayms”da fotoqraf kimi işləyən sevgilisi Cim Haylbrokdan hamilə olduğunu bilib. Cütlük Qətərdə nikahdankənar münasibətlərin qeyri-qanuni olduğu üçün bu ölkəni tərk etməli olduqda Bellis Yeni Zelandiyaya qayıtmaq üçün prosedura başlayıb. Amma karantin otellərində yer tapa bilməyəndə noyabrda “Əl-Cəzirə”dən istefa verib və sevgilisinin vətəninə - Belçikaya köçüb. Amma yaşayış icazəsi olmadığı üçün Belçikada uzun müddət qalması mümkün olmayıb.

Yeni Zelandiyadan karantin oteli xəbəri gəlməyib, beləliklə, cütlük hər ikisinin vizası olan yeganə yer olaraq Əfqanıstana getməli olub. Bellis məqaləsində Talibanın yüksək vəzifəli rəsmilərinin ona Əfqanıstanda qala biləcəyini söyləyib: “Mənə dedilər ki, insanlara evli olduğunu de, bir şey olarsa, bizə zəng et, narahat olma”.

Əfqanıstanda olarkən Yeni Zelandiya səlahiyyətlilərinə 59 sənəd göndərdiyini, amma təcili geri qayıtma ərizəsinin israrla rədd edildiyini deyən Bellis həkimlərin keçmişdə onun uşaq sahibi ola bilməyəcəyini söylədiklərini və hamiləliyinin möcüzə olduğunu bildirib.

Bellisin məqaləsi Yeni Zelandiyada əks-səda doğurub. Rəsmilər ərizədə bəzi nöqsanların olduğunu iddia etsələr də, jurnalistin ölkəyə gəlişinə yenidən baxılacağı gözlənilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər