Amerika kəşfiyyatı Rusiyanın Ukraynaya mümkün müdaxiləsi halında paytaxt Kiyevin 48 saat ərzində ələ keçirilə biləcəyini və 25-50 min dinc sakinin ölə biləcəyini iddia edib.
Teleqraf.com xəbər verir ki, Rusiya rəsmiləri bu iddiaları dəlilik adlandırıb.
Əslində Amerika kəşfiyyat bölmələri Rusiyanın Ukraynaya mümkün işğalı üçün lazım olan qoşunların 70 faizini yerləşdirdiyini və sərhəddə 110 min əsgərin olduğunu bildirib.
ABŞ rəsmiləri Rusiya-Ukrayna sərhədinə qoşun yeridilməsi bu sürətlə davam edərsə, fevralın ortalarına qədər rus əsgərlərinin sayının 150 minə çata biləcəyini desələr də, fərqli ssenarilərdən də bəhs ediblər.
Rusiya Prezidenti Vladimir Putinin bütün variantları açıq qoymaq istədiyini iddia edən rəsmilər, qismən işğalın Ukraynanın şərqində rusiyapərəst separatçıların yerləşdiyi Donbas bölgəsi ilə məhdudlaşa biləcəyini və ya Moskvanın ölkəni hərtərəfli işğal etməsinin mümkünlüyünü bildirirlər.
Kəşfiyyat rəsmiləri ehtimal edirdilər ki, mümkün bir işğal olarsa, Rusiya 48 saat ərzində Ukraynanın paytaxtı Kiyevi ələ keçirə və prezident Vladimir Zelenskini devirə bilər.
ABŞ-da nəşr olunan “Wall Street Journal” və “Vashinqton Post” qəzetlərində dərc olunan xəbərlərə görə, Vaşinqton administrasiyası mümkün bir işğal nəticəsində Ukraynada on minlərlə dinc sakinin öləcəyini təxmin edir.
“New York Times” qəzetinə danışan Amerika hökumətinin yüksək səviyyəli nümayəndələri Rusiyanın işğalı halında Ukraynada 25-50 min dinc sakinin öləcəyini iddia edərək, Ukrayna ordusundan 25 min, Rusiya ordusundan isə 10 minə yaxın əsgərin həyatını itirəcəyini təxmin ediblər. Bununla belə, eyni səlahiyyətlilər Rusiyanın mümkün işğalının Ukraynadan qaçqın axınına səbəb ola biləcəyini və 5 milyon insanın bir çox ölkədən, xüsusən də Polşadan sığınacaq istəyə biləcəyini də iddia edib.
Bu iddia və ssenarilərə qarşı Rusiya cavab verib. Rusiyanın BMT-dəki Daimi Nümayəndəsinin müavini Dmitri Polanski "Twitter" hesabında bildirib ki, dəlilik və fəlakət şayiələri davam edir: “ABŞ-ın bir həftə ərzində Londonu işğal edib 300 min dinc sakinin ölümünə səbəb ola biləcəyini desək, necə olar? Biz hamısını əsaslandırırıq”.