Yunanıstan Egey dənizində gərginliyi artırmaq üçün addımlar atmaqda davam edir. Türkiyə Milli Müdafiə Nazirliyinin Yunanıstanın Egey dənizindəki adaları silahlandırmağa davam etdiyi ilə bağlı açıqlamalarını dəyərləndirən ekspertlər “Yunanıstan əsəblərimizi yoxlayır” deyərək Türkiyənin beynəlxalq hüquqlarına diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, Yunanıstanın bu addımlarına həm xarici işlər naziri Mövlud Çavuşoğlu, həm də Milli Müdafiə Nazirliyi etiraz edib, amma Afina qanunsuz davranışlarını davam etdirir.
Sabiq səfir Oğuz Çelikkol Yunanıstanın beynəlxalq hüququ nəzərə almadan hərəkət etdiyini bildirib.
Onun sözlərinə görə, Yunanıstan ərazi sularının üzərində hava sahəsinə iddia edir:
“Onlar ərazi sularını 6 mil müəyyənləşdiriblər və beynəlxalq hüquqa görə, hava məkanı bu şəkildə müəyyən olunur. Bir ölkənin hava məkanı onun ərazi suları qədər olmalıdır. Amma Yunanıstan 1930-cu illərdə birtərəfli qərarla hava sahəsini 10 mil müəyyən edib. 4 mil fərq beynəlxalq hüquqa əsasən beynəlxalq hava məkanı sayılır. Yəni bu bölgə həm də bizim üçün beynəlxalq hava məkanı mövqeyindədir. Təyyarələrimiz bu əraziyə daxil olanda Yunanıstan bizi onun hava məkanını pozmaqda ittiham edir. Lakin beynəlxalq hüquqa görə, Türkiyə heç bir qanun pozuntusuna yol vermir”.
Sabiq diplomat həmçinin Egey dənizindəki qeyri-hərbi adaların Yunanıstan tərəfindən silahlandırıldığını və bunun əldə edilən razılaşmalara zidd olduğunu vurğulayıb:
“Egeydəki Yunanıstana aid olan adalar, Lozanna müqaviləsi və İkinci Dünya müharibəsindən sonra imzalanan Paris razılaşması ilə silahsızlaşdırma şərti ilə Yunanıstana verilib. Lakin Yunanıstan hazırda bu adaları da silahlandırır. Milli Müdafiə Nazirliyinin verdiyi açıqlamada bu vəziyyətə diqqət çəkilir. Bu, ciddi məsələdir”.
Türkiyənin bir çox ölkə ilə normallaşma addımlarının əhəmiyyətli olduğunu bildirən Çelikkol qeyd edib ki, Şərqi Aralıq dənizinə baxdığımızda Misir və İsraillə başladılan normallaşma əhəmiyyətlidir, lakin bu addımlar təkcə Şərqi Aralıq dənizini əhatə etmir: “Ermənistan, Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələrlə münasibətlərin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılır. Prezidentimiz yaxın vaxtlarda Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcək. Martda İsrail prezidenti Türkiyəyə səfər edəcək. Bütün bunları birlikdə qiymətləndirmək lazımdır”.
Misir və İsraillə başladılan normallaşma addımlarının Şərqi Aralıq dənizindəki enerji qaynaqlarının Avropaya çatması üçün izləniləcək yolları şaxələndirdiyini xatırladan diplomat, Türkiyənin bir enerji dəhlizi olduğunun açıq şəkildə başa düşüldüyünü də vurğulayıb: “Şərqi Aralıq dənizindəki qaynaqlar Avropa üçün çox əhəmiyyətlidir. “Eastmed” təbii qaz boru kəməri layihəsi Yunanıstanın Misir və İsraillə əlaqələrində mühüm sütun idi. Bu layihənin Aİ və ABŞ tərəfindən həyata keçirilməyəcəyi məlum olsa da, uzun müddətdir ki, qəbul edilir və dəstəklənirdi. Üstəlik bu layihə Türkiyənin qitə şelfindən keçirdi, amma buna rəğmən dəstəklənirdi. Nəhayət, ABŞ bu layihəni dəstəkləməyəcəyini açıq şəkildə bəyan etdi. Belə görünür ki, ABŞ-ın dəstəyi geri çəkməsinə səbəb xərcdir. Dəyəri 10 milyard avro olan belə bir layihəni həyata keçirmək çox çətindir. Bundan əlavə, burada məsələ təkcə Şərqi Aralıq dənizi qazı deyil, həm də İraqda zəngin təbii qaz yataqları var. Bütün bu resursları nəzərə alsaq, Türkiyənin bir enerji dəhlizi olduğu aydınlaşdı və qəbul olunur”.
“Yunanıstanın silahlanma yarışına girişməsi Türkiyəyə qarşıdır. Aydındır ki, bu silahlar Türkiyəyə qarşı alınır. Ən azından Yunanıstan ciddi iqtisadi böhran yaşadığı və ciddi xarici borclar altında olduğu üçün ictimaiyyətinə belə çatdırılır. Ancaq hesab edirəm ki, bütün bunlara baxmayaraq bu alışların davam etməsi ilə Yunanıstanın resursları da boşa gedir”,- deyən diplomatın sözlərinə görə, Türkiyə və Yunanıstanın NATO üzvüdür: “İki ölkə arasında qarşıdurma NATO baxımından qəbul edilə bilən bir vəziyyət deyil. Türkiyə və Yunanıstan öz problemlərini razılaşma yolu ilə həll etməlidir. Amma Yunanıstan çoxdan belə bir zəmin hazırlanmasının əleyhinə çıxış edib. Təəssüf ki, Avropa İttifaqı bununla bağlı konstruktiv fəaliyyət göstərmir. Fransanın Yunanıstana satdığı təyyarələr əslində bunun göstəricisidir. Yunanıstan bu ekspansionist və qeyri-qanuni münasibətdən əl çəkməlidir”.