15 Fevral 2022 16:57
331
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Koreyada martın 9-da keçiriləcək növbəti prezident seçkisində aktiv COVID-19 pasiyentlərinin məntəqələrdə səs verməsi üçün ayrıca vaxt müəyyən edilib.

Teleqraf.com xəbər verir ki, ölkə parlamentinin təsdiqlədiyi qaydalara əsasən, özünütəcrid rejimində olan COVID-19 pasiyentlərinin erkən səsvermənin ikinci günündə (5 mart) və martın 9-da ümumi səsvermə günü axşamüstü saat 18:00-dan 19:30-dək məntəqələrdə səs verə biləcəklər.

Cənubi Koreyada “omikron” ştamının sürətlə yayılması fonunda seçki ərəfəsində sutkalıq yoluxma sayının 100 minə çatacağı, təxminən bir milyon nəfərin özünütəcrid rejimində olacağı güman edilir. COVID-19 pasiyentlərinin səsvermədə iştirakı üçün xüsusi vaxtın ayrılması həmin vətəndaşların konstitusiya hüququndan istifadəsinə imkan yaratmaqla yanaşı, digər vətəndaşların yoluxanlarla təmasının minimuma endirmək məqsədi daşıyır.

Bundan başqa, səsvermə zamanı yoluxmaların qarşısını almaq üçün vətəndaşlardan qoruyuculuq qabiliyyəti yüksək olan maska taxmaq, məntəqələrə fərdi nəqliyyat vasitələri ilə və ya piyada gəlmək tövsiyə olunub. Səlahiyyətli qurumlar məntəqələrdə sosial məsafənin saxlanılmasını, havalandırmanı və hər kəsin maska taxmasını nəzarətdə saxlayacaq.

Qeyd edək ki, Cənubi Koreyada martın 9-da ölkə tarixinin 20-ci prezident seçkisi keçiriləcək. Fevralın 15-dən namizədlərin 22 günlük seçkiqabağı təşviqat kampaniyasına start verilib. Bu, pandemiya dövründə Cənubi Koreyada keçirilən ikinci seçki olacaq. 2020-ci il aprelin 15-də Cənubi Koreyada parlament seçkisi keçirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər