Donbasda yaraqlılar Vrubovka şəhər tipli qəsəbəsini küləvi şəkildə atəşə tutublar.
Teleqraf.com xəbər verir ki, bu barədə Popasnyansk hərbi-mülki administrasiyasının mətbuat xidməti məlumat yayıb.
“Bu gün səhər saat 10:25 radələrində Vrubovka şəhər tipli qəsəbəsi müvəqqəti işğal olunmuş ərazidən atəşə məruz qalıb, nəticədə mərmilərdən biri Popasnyansk şəhər ərazi icmasının Vrubovsk liseyinin həyətinə düşüb. Həmin vaxt liseydə 30 şagird və 14 nəfərlik personal olub. Saat 11:10-a olan məlumata görə, 8 şagird və 2 işçi liseyin zirzəmisindədir, qalan uşaqları isə valideynləri aparıblar”, - deyə məlumatda qeyd olunur.
Yaraqlılar, həmçinin bir neçə küçəni 122 millimetrlik minaatanlardan atəşə tutub, qaz xəttini zədələyiblər. Nəticədə çoxmərtəbəli binalarda 70 mənzil, habelə 96 fərdi yaşayış evi qazsız qalıb.
Zərərçəkənlər və dağıntılar barədə məlumat dəqiqləşdirilir.