Martın 1-də Qazaxıstanın hakim “Nur Otan” (“Vətən Nuru”) Partiyasının növbədənkənar qurultayı keçiriləcək. Qurultay nümayəndələri təşkilatın işinin müasirləşdirilməsi məsələlərini müzakirə edəcəklər.
Teleqraf.com xəbər verir ki, bunu partiyanın icraçı katibi Asxat Oralov bildirib.
“Bu gün “Nur Otan” partiyasının sədri Kasım-Comart Tokayev martın 1-də növbədənkənar XXII qurultay çağırmaq qərarına gəlib. Qurultay zamanı partiyanın işinin daha da modernləşdirilməsinin prioritetləri müzakirə olunacaq”, - deyə Oralov Feysbukda yazıb.
Onun sözlərinə görə, qurultayda ölkənin bütün regionlarından nümayəndələr iştirak edəcək. Mərkəzi aparat filiallarla birlikdə qurultaya hazırlıq işlərinə başlayıb.