20 Fevral 2022 18:22
1 234
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya lideri Putin o qədər dərinə gedib ki, artıq istənilən addım ağır itkilər vermək riski yaradır”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Ərəstun Oruclu deyib.

Ekspert Rusiya-Ukrayna gərginliyi ətrafındakı son gəlişmələrə diqqət çəkib:

“Putin öz absurd iddiaları ilə Ukrayna prosesində həm özünü, həm də ölkəsini dalana dirədi. Elə bir situasiya yaranıb ki, ondan istər müharibə, istərsə də sülh yolu ilə çıxmaq Rusiya üçün uduzmaq deməkdir.

İndiki məqamda uduzmaq isə öz növbəsində dünyanın yeni geosiyasi konstruksiyasının yaradılmasından kənarda qalmaqdır. Kimsə ölkə daxilində bunu Putinə bağışlayan deyil. Bir sözlə, Putinin şəxsi hakimiyyətinin taleyi tükdən asılıdır.

Belə nəticə gözlənilən idi, çünki əvvəldən də Qərbin Rusiyanı tələyə çəkdiyi aydın görünürdü. Amma tələ də sadə tələ deyildi. Ona görə ki, Moskvanın yaratdığı separatçı qurumlar təkcə Ukrayna yox, elə Rusiyanın özü üçün də minalanmış sahə idi.

Yeganə sual bu idi ki, həmin sahəyə birinci kim ayağını basacaq. Bunu edən də Rusiyanın özü oldu. İndi vəziyyət təxminən belədir: Putin o qədər dərinə gedib ki, artıq istənilən addım ağır itkilər vermək riski yaradır”.

Ərəstun Oruclu Rusiya üçün seçim imkanlarının da məhdud olduğunu bildirib:

“Seçim imkanı da geniş deyil: ya davam edərək daha dərinə getmək, ya da çapalayaraq geriyə çıxmağa cəhd etmək. Hər iki halda batmaq təhlükəsi realdır. Separatçı rejimlər vasitəsilə ölkələri təhdid siyasətinin bumeranqı artıq geriyə kurs götürüb. İndi əsas məsələ zamanında ondan yayına bilməkdir. Bu isə ilk növbədə çeviklik tələb edir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər