“Science Bulletin”də dərc olunan araşdırmaya görə, Çinin “Chang'e-4” missiyasının “Yutu-2” ay roveri panoramik kameradan istifadə edərək iki şəffaf kürəciyin şəkillərini çəkib.
Teleqraf.com xəbər verir ki, hələlik naməlum kürəciklərin tərkibinə dair məlumat yoxdur.
Bununla belə, tədqiqatçıların fikrincə, unikal morfologiyası və yerləşməsi onların vulkanik mənşəli və ya digər planetlərdən qopmuş cisimlər olmasından çox toqquşma nəticəsində əmələ gəlmiş şüşə olduğunu göstərir.
Ayın maqma okeanında əmələ gələn Ay anortoziti Yerin təbii peykinin yüksək nöqtələrinin əsas elementlərindən biridir. Tədqiqatçılar bildiriblər ki, bu kürəciklər ölçü və rəng baxımından “Apollon” missiyaları zamanı toplanmış şüşə parçalarından fərqlənir. Tədqiqatçılar Ayın daha yüksək nöqtələrində bol şüşə kürəcik tapıla biləcəyini və bunların Ayın erkən toqquşma tarixinə işıq salacaq nümunələr verəcəyini proqnozlaşdırırlar.
2018-ci il dekabrın 8-də kosmosa buraxılan “Chang'e-4” roverinin Aya ilk enişi 2019-cu il yanvarın 3-də baş tutub. Kosmik cihaz Ayın uzaq tərəfindəki - Cənub qütbündəki Atken hövzəsindəki Von Karman kraterinə enib. “Yutu-2” indiyədək Ayın uzaq tərəfində min metrdən çox məsafə qət edib.