Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya Prezidenti Vladimir Putinin Donetsk və Luqansk separatçı respublikalarının tanınması qərarını rədd etməsini məmnuniyyətlə qarşılayırıq.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın Ankaradakı səfiri Ceffri Fleyk deyib.
Səfir Tvitterdə verdiyi açıqlamada qeyd edib: “Biz Rəcəb Tayyib Ərdoğanın və Türkiyə Xarici İşlər Nazirliyinin Rusiya Prezidentinin qondarma Donetsk və Luqansk respublikalarını tanımaq qərarını qəbul etməməsini alqışlayırıq. Bu hərəkətin Ukraynanın siyasi birliyi, suverenliyi, ərazi bütövlüyünün açıq şəkildə pozması fikri ilə həmrəyik”.
Rəsmi Moskva da Türkiyənin separatçı rejimlərin müstəqilliyini tanımaması və bunun Ukraynanın ərazi bütövlüyünün pozulmasına yönəldiyinə dair mövqeyini şərh edib.
Putinin mətbuat katibi Dmitri Peskov deyib ki, Krımla bağlı da türklərlə fikir ayrılığı var: “Bu, çoxdandır, lakin münasibətlərimizi formalaşdırmağa mane olmur. Bu səbəbdən ikitərəfli münasibətlərimizdə problemli sahələrlə yanaşı, mühüm uğurlar əldə etdiyimiz sahələr də var”.