ABŞ Konqresinin Nümayəndələr Palatasında hər iki partiyanın üzvləri – həm Demokratlar, həm də Respublikaçılar Rusiyanın BMT Təhlükəsizlik Şurasından çıxarılmasına dair qətnaməni müzakirə edirlər.
Teleqraf.com xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.
Qətnamə BMT Nizamnaməsinin 23-cü maddəsinə uyğun olaraq Rusiyanı bu təşkilatın daimi üzvləri sıralarından çıxarmaq məqsədilə müvafiq düzəlişlər etmək üçün BMT-ni təcili prosessual tədbirlər görməyə çağırır.
Sənəddə həmçinin Rusiyanın Ukraynaya təcavüzü və işğal edilmiş Donbasdakı separatçıları dəstəkləməsinin beynəlxalq sülh və təhlükəsizliyə birbaşa təhdid olduğu və Rusiyanın BMT TŞ-ın daimi üzvü kimi üzərinə götürdüyü öhdəliklərdən yayındığı bildirilib.
Qətnamənin təşəbbüskarı respublikaçı Klaudiya Tennidir.
Bundan başqa ABŞ Rusiyanın Ukraynaya hücumu ilə bağlı BMT Təhlükəsizlik Şurasına təqdim etmək üçün qətnamə hazırlayır.