İtaliya Baş naziri Mario Draqi səhər saatlarında Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşməyə razılaşdıqlarını, amma onunla bu görüşü keçirə bilmədiyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Draqi parlamentdəki çıxışında Ukrayna ilə həmrəyliyini və dəstəyini ifadə edib.
“Dəhşətli görüntülər bizi Avropa tarixinin ən qaranlıq günlərinə qaytarır”, - baş nazir deyib.
Draqi Rusiyanın Ukraynaya hücumunu müzakirə etmək üçün dünən axşam Avropa Birliyinin Brüsseldə keçirilən fövqəladə toplantısına qatıldığını bildirib:
“Ukrayna Prezidenti Zelenskinin bu toplantıda iştirak etdiyi an dramatik an idi. O, Kiyevdə gizli yerdən əlaqə saxlayırdı. Vaxtının tükəndiyini, özünün və ailəsinin Rusiya işğalçı qüvvələrinin hədəfində olduğunu söylədi. Bu, iclasda iştirak edən hər kəsə təsir edən dramatik an idi. Zəng etdi, saat 9:30-a telefonla görüş təyin etdik, amma Prezident Zelenskinin vaxtı olmadığı üçün telefon zəngi mümkün olmadı”.
Draqi Rusiyaya qarşı sanksiyalarla bağlı dünən Brüsseldə bir sıra sərt tədbirləri təsdiqlədiklərini deyib:
“İtaliya qəbuledilməz hesab etdiyimiz işğalı şiddətlə qınayır. Bu hücum azad və demokratik bir dövlətin suverenliyinin, Avropa dəyərlərinin və beynəlxalq anlaşmaların ciddi şəkildə pozulmasıdır”.