Rusiya ordusu 13 taktiki qrupunun köməyi ilə Qoreniçi, Qostomel, Demidov istiqamətlərindən Kiyevi mühasirəyə almağa çalışır.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Ekologiyanın Mühafizəsi Agentliyi Feysbukda məlumat yayıb.
Qeyd edilib ki, Jitomir bölgəsində Rusiyanın 5-ci Ordusundan 3 taktiki qrup var. Şimal istiqamətində rus qoşunlarının 17 taktiki qrupunun və texnikalarının məhv edilməsinə baxmayaraq, şimal-şərqdən Kiyevi ələ keçirmək üçün hücum əməliyyatları davam etdirilir. Kozelets, Bobrovitsa və Makivdə rusların qarşısı alınıb. Eyni zamanda, rus ordusu Svitilnya, Peremoxa və Xostroluççada hücum potensialını itirib.
Qeyd olunub ki, düşmənin iki taktiki qrupu Sumı, Lebedin və Oxtırkanı mühasirədə saxlamaq üçün uğursuz cəhdlər edir. Slobozxanski, Krasnoqrad və İzyumd istiqamətlərində də döyüşlər gedir. Rus ordusu Boxoduxiv, Çuqiv, Şevçenkovedə ağır itki verdikdən sonra dayandırılıb.
Donetsk istiqamətində isə uğur qazana bilməyən rus qüvvələri diqqətini Mariupol şəhərinin mühasirəsinə yönəldib.
Bundan əlavə, rus ordusu Skadovsk, Qola Pristan, Xerson, Snixurivka, Nova Kaxovkaya hücum əməliyyatlarını davam etdirir. Yenidən qruplaşdıqdan sonra Xerson və Nikolayev istiqamətində hərəkətini davam etdirir. Eyni zamanda, Vasilivka, Çervon Pol, Novopetrivka istiqamətində də hücum cəhdləri var.
Rusiya Qara dəniz əməliyyat zonasında dəniz dəstələrini yerləşdirir və dəniz desant əməliyyatı üçün hazırlıqlarını davam etdirir.
Agentlik bildirib ki, hücumlarında uğur qazana bilməyən rus qüvvələri Ukrayna ordusu çiyin-çiyinə duran dinc sakinləri qorxutmaq üçün məkrli şəkildə kritik infrastruktur obyektlərinə raket və bomba zərbələri endirir.
Qeyd edilib ki, rus qoşunlarının bütün istiqamətlərdə itkiləri var, bu barədə sonra məlumat veriləcək.