“2022-ci il Putin imperiyasının çöküşünün başlanğıcı olacaq”.
Teleqraf.com xəbər verir ki, bunu siyasi ekspert Zaur İbrahimli deyib.
Ekspert Avropanın qapılarının Ukraynaya hücum edən Rusiyanın üzünə bağlandığını bildirib:
“Qədim Roma və ümumiyyətlə, dünya tarixində e.ə. 49-cu il 10 yanvar tarixində Qay Yuli Sezarın öz ordusu ilə Rubikon çayını keçməsi ilə yeni dövr başladı. Sezar Qalliya vilayətində prokonsul (canişin) vəzifəsini icra edirdi. O, əmrində olduğu hərbi hissələrə (legionlara) yalnız rəhbərlik etdiyi vilayət daxilində komandanlıq edə bilərdi. Lakin öz legionlarını paytaxt Roma üzərinə apardı və nəticədə e.ə. 509-cu ildən davam edən respublika quruluşuna faktiki olaraq son qoyuldu. Sezar vətəndaş müharibəsində qalib gəldi və imperiya dövrü başladı. Sezar həm də köhnə dünyanı yıxdı. Buna görə “Rubikonu keçmək” ifadəsi geriyə qayıtmağın mümkün olmayacağı yola qədəm qoymaq anlamında işlənir.
Bu mənada, Putin fevralın 24-də “Rubikonu keçmək” qərarı verdi və ehtimal etmək olar ki, onun bu addımı Rusiya imperiyasını çökdürəcək, hazırkı Rusiya torpaqlarında respublikaların yaranmasının əsasını qoyacaq. Vaxtında I Pyotrun Avropaya qapı açmaq üçün çalışdığı, qan tökdüyü, bunun üçün heç nə əsirgəmədiyi Rusiya bu gün Avropaya olan bütün çıxışını bağlayır. Rusiya məhz gerçəkdən Pyotrun vaxtında – 1721-ci ildə imperiya olmuşdu. 1922-ci ildə SSRİ-i imperiyası yaradılmışdı. 2022-ci ildə isə Putin imperiyasının çöküşünün başlanğıcı olacaq”.