3 Mart 2022 22:46
1 118
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya-Ukrayna müharibəsinin başlamasından bir həftə ötdü. Bu proses zamanı Ukraynanın bir çox şəhəri bombalanıb və yüzlərlə dinc sakin hücumlarda həyatını itirib. Dünya liderləri bir-birinin ardınca verdiyi bəyanatlarla Rusiyanı qınadı, bəzi ölkələr sanksiyalar tətbiq etdi.

Teleqraf.com xəbər verir ki, Türkiyə də hücumları pisləyib, eyni zamanda Rusiyanın boğazlardan hərbi gəmilərin keçməsi tələbinə mənfi cavab verib.

Xarici işlər naziri Mövlud Çavuşoğlunun ötən gün “Rus döyüş gəmilərinin keçməsinə icazə vermədik” açıqlamasının təfərrüatları da ortaya çıxıb. İngiltərənin “Financial Times” qəzeti Rusiyanın Ukraynaya hücumlarının müharibə elan edilməsindən sonra Türkiyənin Montrö müqaviləsi əsasında atdığı addımlara diqqət çəkib.

Məqalədə qeyd edilib ki, Türkiyənin Rusiyanın döyüş gəmilərinin Qara dənizə keçidinə icazə verməməsi bu ölkənin Qərblə münasibətlərini yenidən qurmaq ümidlərini artırıb. Məqalə müəllifi Prezident Rəcəb Tayyib Ərdoğanın qərarının Kiyev tərəfindən təqdirlə qarşılandığını qeyd edib.

“Financial Times” 3 gəminin keçidinə icazə verilmədiyini yazıb.

Nəşr Rusiya donanmasının ən güclü gəmilərindən biri kimi tanınan “Admiral Flota Kasatonov”la bağlı yazıb: “Moskva Putinin Ukraynaya hücumunu davam etdirməsi üçün İstanbulun mərkəzindən ən güclü döyüş gəmilərini göndərmək istədi, amma bu gəmilərin keçidinə icazə verilmədi”.

Qəzet bildirib ki, döyüş gəmilərinin dayandırılması qərarı Putinlə çox yaxın münasibətdə olan Ərdoğan üçün kritik qərar idi: “Ankaranın Rusiyanın işğalını açıq şəkildə tənqid etməsi və ukraynalıları dəstəkləməsi Türkiyənin Qərblə münasibətlərinin yaxşılaşacağına və yenidən qurulmasına ümid yaradır”.

Ərdoğanla Putinin son illərdə yaxın münasibətdə olduğu, amma tərəflərin zaman-zaman gərginlik yaşadığına da diqqət çəkilərək, Rusiya ilə turizm və ixracatın Türkiyə üçün əhəmiyyətli olduğu da xatırladılıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər