“Türkiyənin sülhə xidmət edən siyasətindən və diplomatik missiyasından narahat olan dairələr qaranlıq planlar həyata keçirir”.
Teleqraf.com Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu beynəlxalq məsələlər üzrə mütəxəssis Ahmet Krımlı deyib.
Onun sözlərinə görə, Ukraynanın Qara dəniz sahilindəki bir çox nüvə obyekti ciddi təhlükə altındadır: “Bu ərazilərə bir neçə dəfə təhlükəli hücumlar edilib. Ələ keçmiş agentlərdən bəziləri nüvə obyektləri ilə bağlı planları etiraf ediblər. Bu adamlar Ukrayna qədər Türkiyəyə də zərər vururlar. Bu, baş verərsə, Çernobıldan qat-qat böyük fəlakət yaşanacaq. Qara dəniz 30 il bu fəlakətin nəticələrindən qurtula bilməyəcək. Müharibənin gedişindən asılı olaraq, Rusiya da daxil olmaqla bir çox aktor bu ağılsız planı sınaqdan keçirə bilər”.
Krımlı bir sıra güclərin Türkiyəni savaşa çəkmək istədiklərini bildirib:
“Nüvə təhlükəsi və təxribat fəaliyyətləri Türkiyəni müharibəyə çəkmək planının yalnız bir hissəsidir. Burada Axıska və Azərbaycan türkləri ilə yanaşı, on minlərlə Krım tatar türkləri yaşayır. Türkiyənin mövqeyi bəllidir. Məhz bu həssaslığına görə, bu məsələdən ona qarşı şantaj kimi istifadə etmək istəyirlər. Türkiyənin sülhə xidmət edən siyasəti və diplomatik missiyası hər kəs tərəfindən təqdir edilir. İnanırıq ki, bu mövqe davam edəcək”.
Rusiyada Putinin devrilməsi ilə Ukraynada Zelenskinin devrilməsinin eyni şey olmadığını deyən Ahmet Krımlı Moskva üçün üç ehtimalı sadalayıb:
“Putin dövrünün gələcəyinə dair üç yol var. Bunlardan birincisi, “Dəmir pərdə”nin iflası prosesidir. İkincisi, Çauşeskunun taleyini yaşayır və ya hərbi çevrilişlə vəzifədən uzaqlaşdırılır. Üçüncüsü isə Stalin libasına bürünüb Rusiyanı çox fərqli avantüraya sürükləyir. Amma hər halda Rusiyanın Ukrayna böhranında keçmiş Rusiya Federasiyası kimi çıxması mümkün deyil. Bu müharibə ilə köhnə dünya nizamı dəyişəcək və yeni tarazlıqlar yaranacaq”.