Rusiya Ukraynanı işğalının 19-cu günündə də iki tərəf arasında şiddətli qarşıdurmalar davam edir. Ukrayna ordusu və xalqı rus işğalına qarşı mübarizə aparır. Digər tərəfdən müqavimətə qatılan xarici qruplaşmalar da son günlər diqqət çəkməyə başlayıb.
Teleqraf.com xəbər verir ki, bu qruplaşmalar arasında ən çox diqqətçəkən Ukraynada döyüşən çeçenlərdir.
Hazırda Ukraynada həm Cövhər Dudayev tərəfdarı – Ramzan Kadırov əleyhinə olan iki çeçen könüllü batalyonu var. Məlumata görə, bunlar 2014-cü ildən Donbasda Rusiyanın dəstəklədiyi separatçılara və Rusiya qüvvələrinə qarşı döyüşən “Şeyx Mənsur” və Cövhər Dudayev” batalyonlarıdır.
İşğal başlayandan ukraynalılara dəstək verən “Dudayev” batalyonu sosial şəbəkə hesablarında mesaj yayımlayıb.
Batalyon komandiri Adam Osmayev Ukraynaya dəstəyini belə ifadə edib:
“Ukraynalılara demək istəyirəm ki, bu gün əsl çeçenlər Ukraynanı müdafiə edirlər. Biz Ukrayna uğrunda vuruşuruq və sona qədər də mübarizəmizi davam etdirəcəyik. Allahın izni ilə qələbə bizimlə olacaq. Qələbəni Moskvada, Çeçenistanda, Krım və Sevastopolda qeyd edəcəyik”.
Donbas veteranı Osmayevin bu müharibəyə həm də şəxsi səbəbə görə qatıldığı məlum olub. Onun həyat yoldaşı Əminə Okuyeva 2017-ci ildə Kiyev yaxınlığındakı rus hərbçiləri tərəfindən öldürülüb.
Başqa bir çeçen döyüşçü isə “Al-Monitor”a açıqlamasında Kadırovun qüvvələrini “satqın” adlandırıb:
“Onlar satqındırlar. Heç bir əsl çeçen 300 ildir bizi qırğına məruz qoyan bir ölkə üçün döyüşə bilməz. Kadırovun əsgərlərinin çoxu döyülür, ailələri hədələnir, ona görə də onlar məcbur olaraq bunu edirlər. Amma Rusiyaya xidmət etmək vətənə xəyanətdir”.