15 Mart 2022 21:26
1 733
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Ukraynaya təcavüzünün 20-ci günündə də bir çox şəhərlərdən qarşıdurma xəbərləri gəlməkdə davam edir. Dünya Rusiyanın Suriyadan gətirdiyi yaraqlıların və ya muzdluların prosesin gedişatını dəyişib-dəyişməyəcəyini müzakirə etdiyi vaxtda ABŞ-dan diqqətçəkən daha bir iddia gəlib.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ kəşfiyyatının rəsmiləri Rusiyanın Ukraynaya atdığı ballistik raketlərin sirli sursatlarının olduğunu iddia ediblər.

Adı açıqlanmayan bir kəşfiyyat rəsmisinin sözlərinə görə, gizli döyüş sursatlarının hər biri təxminən 30 sm uzunluğunda, dart şəklində və narıncı quyruqludur.

“Nyu-York Tayms” qəzetinin iddiasına görə, sirli sursatlar Rusiyanın sərhəddən atdığı “İsgəndər-M” qısamənzilli ballistik raketlərinə bağlıdır və raketlər onların hava hücumundan müdafiə sistemləri tərəfindən hədəf alındığını aşkar etdikdə işə düşür. Hər bir döyüş sursatı düşmən radarlarını aldatmaq üçün siqnallar yaradan mexanizmə və raketlərə təsir edə bilən yüksək temperatura malikdir.

Dart formalı sursatın fotoları iki həftə əvvəl sosial şəbəkələrdə yayılmağa başlayıb. Hətta müharibə ekspertləri və kəşfiyyat analitikləri əvvəlcə onların sursatın ölçüsünə və formasına əsaslanaraq, kaset bombaları olduğunu desələr də, iddiaya görə, həqiqət başqadır.

Britaniya ordusunda 22 il xidmət etmiş zabit Riçard Stivens deyib: “Çin və Rusiyanın çoxsaylı hücumlarının şahidi olmuşam, amma belə sursat görməmişdim”.

Kəşfiyyat rəsmiləri sözügedən sursatların “soyuq müharibə” tələlərinə bənzədiyini bildirib.

Middlböri Beynəlxalq Araşdırmalar İnstitutunun professoru Cefri Levis sözügedən sursatın Qərbin əlinə keçdiyinə diqqət çəkərək Rusiyanın bu mövzuda səhlənkar olduğunu da deyib:

“Rusiya NATO-nun “İsgəndər”ə qarşı əks tədbirlər görəcəyini bilir. Bu müharibə Moskvanın gizli tələsini ifşa etməsi üçün kifayət qədər vacib olmalıdır. Açığı, NATO-nun silah-sursatları ələ keçirib yoxlaması onların vecinə deyil, amma mən olsam, ciddiyə alardım. Hazırda ABŞ kəşfiyyatında bunlarla maraqlanan çox həyəcanlı insanların olduğunu düşünürəm”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər