28 Mart 2022 23:27
1 745
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 103-cü ildönümüdür. Teleqraf.com bu münasibətlə Azərbaycan Cümhuriyyətinin Əksinqilabla Mübarizə Təşkilatının rəisi Nağı bəy Şeyxzamanlının 1954-cü ildə Türkiyənin “Vətən” qəzetinin müxbiri Sadun Tanjuya verdiyi müsahibəni ilk dəfə olaraq təqdim edir:

***

Beriya məiyyətimdə çalışmışdı!”

Bunu indi İstanbulda yaşayan keçmiş Bakı əmniyyət müdiri söyləyir ...

“Çox tolerantsınız! Bu hərəkətinizlə söylədiyiniz qədər rus düşməni olmadığınızı göstərirsiniz!” Bunları mənə 1919-cu ildə məiyyətimdən bir məmur – Beriya söyləyirdi. Mən o zamanlar Bakı Əmniyyət müdiri idim. Beriyanı da senzura idarəsi başçısı təyin etmişdim. Qosqoca bir rus imperatorluğuna qarşı istiqlalını yeni qazanmış bir ölkədə əmniyyət təşkilatına gələn işlərin necə əhəmiyyətli olduğunu siz də qəbul edərsiniz. Hərarətli bir fəaliyyət içərisində idik.

Beriyanın başçılığını həyata keçirdiyi senzura idarəsi də təşkilatımızda ən böyük məsuliyyətlərdən birini daşıyırdı. Beriya vəzifəsini o qədər ləyaqətlə görürdü ki, onu ən nümunəvi məmurlarımdan biri kimi tanıyır və etimad edirdim. Hadisələri daha yaxşı izah etmək üçün o günlərin bir az daha müfəssəl panoramını cızmalıyam”.

Sabiq Əmniyyət müdiri Nağı Keykurun xatirələrini yada salmaq üçün susur. Qəhvəsini içərkən onu dilləndirməyə çalışıram: “Kim deyərdi ki, bir gün məmləkətindən, işindən, ailə ocağından qaçacaq və cəvahir bazarında əntiq əşya, bəzək əşyaları satacaqsınız!”
Danışmağa başladı:

“İxtilal başlayınca qeyri-rus millətlər fürsətdən istifadə edərək, çara qarşı istiqlallarını elan etdilər. Bu arada Azərbaycan da istiqlalına qovuşdu. Çarın generalları Moskvanın üzərinə yürüş etməkdənsə, Qafqaza hücum etməyi nəticəyə aparacaq ən qısa yol kimi hərb taktikalarına daha uyğun hesab etdilər. Bu surətlə döyüşçü və ən çox müxalif olan bir bölgədə əldə edəcəkləri zəfərlərin ixtilalçıları ruhdan salacağını hesab edirdilər. Şimali Qafqazı işğal edərək Azərbaycan hüduduna qədər gələn çar ordularının başında general Denikin vardı. Bütün Azərbaycan partiyaları, millətçisi, sosialisti çar təhlükəsinə qarşı birləşmişdi.
Bu əsnada dövlət başqanının rəyasətində 4 nəfərlik bir milli əmniyyət komissiyası təşkil edildi. Mən də Əmniyyət təşkilatının başına gətirildim. Təşkilatın tərkibi üçdə iki nisbətində müsavatçılardan, üçdə bir nisbətində də digər partiyaların birləşməsindən ibarət idi. Bu arada sosialist Hümmət Partiyasından Əliheydər Qarayev mənə müavin təyin edildi. Yenə hümmətçilərin verdiyi siyahıda adı yazılan Beriyanı da senzura idarəsi başçılığına təyin etdim.
Beriya vəzifəsində qısa zamanda seçildi. Ondan çox razı idim. Ciddi, dürüst və çalışqan idi. Xüsusilə hər gün verdiyi raportlar nəzər-diqqətimi çəkirdi. Raportlarında çox açıq şəkildə rus düşmənçiliyi, təşkilatımızı qüvvətləndirmək üçün böyük əmək sərf etdiyi görünürdü. Özünü qısa vaxt ərzində mənə sevdirmişdi. O ərəfələrdə maddi sıxıntılar çəkirdi. Böyük bir ailənin bütün yükü çiyinlərində idi. Tez-tez xarici vəzifələr verməklə xərclik almasını və maddi vəziyyətini bir az düzəltməsini təmin edirdim. Bu baxımdan mənə qarşı minnətdar olurdu.

Vəzifədən kənar saatlarımızda sıx-sıx onunla söhbət etməyə adət etmişdim. O günün şərtləri içərisində fikirlərimizdə tam bir uyğunluq vardı. O da mənim kimi bir qafqazlı idi və hər qafqazlı kimi çara və rus millətinə qarşı kin, qəzəb, intiqam arzuları ilə doluydu. Söhbətimizin mövzuları daim rus əleyhdarlığı ilə bağlı idi. Məni, dediyim kimi, rus əleyhdarı olmamaqla ittiham etdiyi hadisə də belə cərəyan etmişdi.

O zamanlar Şimali Qafqazda Petrovskidən çay yolu ilə həftədə bir dəfə gəmi gəlirdi. Gələn gəmiləri güclü şəkildə kontrol edir və general Denikinin ordusu haqqında əsaslı məlumat əldə edirdik. Xüsusilə o tərəfdən gələn azərbaycanlılar bizə işə yarayan bilgilər verirdilər. İstər məktubların senzurasından, istərsə də ələ keçirdiyimiz digər sənədlərdən çoxlu şeylər öyrənirdik. Bu arada bir rus universitet tələbəsinin anasına yazdığı bir məktubu ələ keçirdik. Gənc tələbə məktubunda yaxın bir zamanda Azərbaycanın ələ keçiriləcəyini, ikibaşlı qartalın – Rusiya bayrağının təkrar Azərbaycan üzərində dalğalanacağını yazır və ilk gəmi ilə onu görməyə gələcəyini bildirirdi. Beriya bu mövzuya dair raportunu verdikdən sonra: “Xahiş edirəm, bu işin təqibini mənə həvalə edin”.

“Yaxşı” dedim və ertəsi həftə Petrovskidən gələn gəminin yolçularından 16 yaşlarında sarışın, incə bədənli bir uşağı tutub müdiriyyətin nəzarətxanasına saldılar. Ertəsi gün uşağın anası və bacısı olduqlarını deyən iki qadın ziyarətə gəldilər. Hıçqırtılar arasında oğullarının universitet tələbəsi olmadığını, yaşının az olmasına görə təsir altında qalmaqdan qurtulmadığını, bağışlamağımı rica etdilər, yalvardılar.

Buna qarşılıq 24 saat ərzində ölkəni tərk edərlərsə, uşaqlarını bağışlaya biləcəyimi söylədim. Sevinclə qəbul etdilər. Həmin axşam Beriya gündəlik raportunu verdikdən sonra: “Çox tolerantsınız, Nağı bəy” dedi. “Söylədiyiniz qədər rus düşməni deyilsiniz! Elə olsaydı, uşağı sərbəst buraxmazdınız”.
Üzündən təəssüfləndiyini görürdüm.

Beriya keçmiş rəhbərinə “Qaçın, sizi qoruya bilmərəm” deyir

Nağı Keykurun: “Məiyyətimdə olan bu adamın bir gün bir canavar olacağı ağlıma gəlməzdi”.

Nağı Keykurun danışmağa davam edir:

“General Denikinin ordusu Qafqazda boşuna vaxt keçirərkən arxadan bolşeviklərin hücumuna məruz qaldı və darmadağın oldu. Bir qismi Azərbaycana mühacirət etdi, digər qismi də Odessa yolu ilə İstanbula qaçdı. Azərbaycan çar ordusunun təhlükəsindən qurtulduğuna sevinərkən birdən bolşevik təhlükəsi ilə qarşı-qarşıya qaldığımızı gördük. Müzəffər bolşevik orduları hüdudlarımızı zorlamağa başladılar. İçəridə də sosialist hökumətçilər milli partiyaların əleyhinə fəaliyyət və təbliğata başladılar. Bu arada ittihadi-islamçılar da onlara qoşuldu və Denikin ordusundan Azərbaycana mühacirət edənlər də bu partiyalarla əməkdaşlıq edərək, “beşinci kolon” fəaliyyətinə girişdilər. Xüsusilə “məqsədimiz Azərbaycanı almaq deyil, keçib türk istiqlal mücadiləsinə yardım etməkdir” izahı ilə təbliğatlarının təsir sahəsini getdikcə genişləndirirdilər. Bütün bu həngamənin ortasında günlərin bir günü Beriya işə gəlmədi. Bir müddət sonra öyrəndik ki, Tiflisə qaçıb...

Sonrası məlumdur. Bolşevik orduları Azərbaycanı işğal etməyə müvəffəq oldular. Müsavat Partiyasının bütün öndə olan şəxsləri ya qaçdı, ya gizlənməyə nail oldu, yaxud da tutulub ÇK həbsxanalarına salındılar. Mən Tiflisə qaçmaq fürsətini əldə etmişdim. Bir müddət gizlənmək və necə hərəkət edəcəyimi təsbit etmək düşüncəsində idim. Bir gün şirniyyat mağazalarından birinə girdiyim zaman Beriya ilə üz-üzə gəldik. Dibdə bir masa arxasında əyləşmişdi. Məni görüncə ayağa qalxdı. Ona doğru yürüdüm və salamlaşdım. “Üzr istəyirəm” deyərək sözə başladı: “Qaçmağa məcbur idim. Çünki biz bolşeviklər üçün Azərbaycanda təhlükə yaranmağa başlamışdı. Hətta bəzi kommunistlərin tutulması bizi belə bir qərar almağa sövq etdi. Bəziləri gizlənmək surəti ilə fəaliyyətə davam etməyə qərar verdilər. Biz də Tiflisə qaçdıq. Artıq sizinlə anlaşa bilmirdik. Çünki siz bolşeviklərin Qafqaz üçün çar ordularından başqa bir şey olmadığını qəbul edirsiniz. Biz isə Qırmızı Moskvanın keçmiş Moskvadan çox fərqli olacağı qənaətindəyik. Bolşeviklər tam mənası ilə demokratiyanı tətbiq edəcəklər. Buna indi inanmırsınız, fəqət tarix bunun belə olacağını göstərəcəkdir”.

Beriyaya dedim ki, inanmamaqda haqlıyam, çünki kommunist pərdəsi altında hər şey keçmiş kimliyini mühafizə edir. Bizim milli şairimiz Əhməd Cavadın da dediyi kimi, “sosialist gürcü hökuməti ilə belə anlaşa bilməyən bir qırmızı Moskvadan nə gözləyə bilərik ki?” Mən buna inanıram ki, öncə bizləri məhv etmə qayəsi güdən bolşeviklər sonra növbə çatdıqca, öz bəndələrini də təmizləməkdə tərəddüd etməyəcəklər. Rus rusdur. Dəyişən bir şey olacağına ehtimal vermirəm. Bunu da əlavə edim ki, nə erməni, nə gürcü, nə də azəri sosialistlər millətlərini və məmləkətlərini Moskvaya qarşı müdafiə edə bilməyəcəklər.

Məni axıradək dinlədikdən sonra: “Burada qalmaq fikrindəsinizmi” deyə soruşdu.
“Bilmirəm” dedim.

“Sizi sevdiyim üçün söyləyirəm” dedi. “Kommunistlərə qarşı sizi müdafiə etmək imkanına təəssüf ki, malik deyiləm. Onlar sizi bir nömrəli düşmən olaraq tanıyırlar”.

Sonra gülərək əlavə etdi: “Bunu söyləyim ki, kommunistlər buraya da gələcəklər. Şəxsən sizə qarşı duyduğum sevgiyə istinadən, tövsiyəmə əməl edin, buradan qaçın!”
“Allaha əmanət ol” dedim.

Yolunuz açıq olsun!” dedi və ayrıldıq...

* * *

Beriya ilə birlikdə çalışdığımız iki il ərzində ona o qədər güvənmişdim ki, günün birində qan axıtmaqdan, zülm etməkdən zövq alan bir sadist olacağı ağlıma da gəlməzdi. Halbuki o, ÇK-dakı fəaliyyəti ilə istər Qafqazda, istərsə də 1943-cü ildəki inquş, osetin, kalmık, krımlıların məhv edilməsində “Karatelni otryad” adı verilən məhvetmə qruplarını idarə etməsi ilə qan tökməkdə zirvəyə çatmışdı. Qəribəsi budur ki, bu məhvetmə qrupları bəyaz ruslardan ibarət idi və ruslara nifrət edən Beriya onları sövq və idarə edirdi.

Beriyanın sürətlə yüksəlməsində bu sadiqcəsinə xidmətlərinin nə dərəcədə rolu varsa, 1923-1924-cü illər arasında Soçidə Stalinə qarşı həyata keçirilən bir sui-qəsdin qarşısını almasının da o dərəcədə mühüm təsiri olub. Beriya o ərəfələrdə Tiflisdə ÇK rəisi idi və sui-qəsdin olacağını xəbər alan kimi Soçiyə sürətlə qüvvə göndərərək, Stalinin həyatını qurtardı. Bu xidməti Stalin tərəfindən unudulmamış, xüsusilə gürcü olması üst vəzifələrə doğru yüksəlişini çox asanlaşdırmışdı.

Məncə, Beriyanın aradan götürülməsi iki məqsədlə həyata keçirilmiş ola bilər. Birincisi, rus milliyyətçiliyi cərəyanını qüvvətləndirmək və ruslara bütün pisliklərin qeyri-rus olan gürcülər tərəfindən həyata keçirildiyi fikrini aşılamaq. İkincisi isə bu fürsətdən istifadə edərək, qeyri-rus millətlər üzərində təzyiqi artırmaq və beləcə, rus milliyyətçiliyinə yol açmaq.
Lakin ruslar bu məqsədlərini gizlətmək lüzumunu da hiss edirlər. Çünki bugünkü gedişat kommunizmin və internasionalın iflası deməkdir. Artıq bir inqilabdan bəhs edilə bilməz. Bunu ruslar da bilir və dünya “beşinci kolon”larını ürkütməmək üçün Rusiya içində baş verənləri bir neçə anlamsız səbəblərlə izah etməyi qurtuluş yolu olaraq görürlər. Lakin Beriyanın ölümünə ən çox bəyaz rusların sevinməsinə nə deməliyik? Bu, rus milliyyətçiliyinin bir zəfəri mənasını daşımırmı?


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər