Rusiya ordusu Moldovanın Dnestryanı bölgəsində gərginlik yaradır, bu yöndə qoşunların yenidən qruplaşdırılmasını həyata keçirir, ehtiyatların artırılması üçün tədbirlər görür.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Məlumatda bildirilib ki, Donetsk və Tavriya istiqamətlərində təmas xətti boyunca rus qüvvələrinin artilleriya atəşi davam edir. Ruslar Ukrayna Silahlı Qüvvələrinin hərəkətinin qarşısını almaq üçün operativ-taktiki və hərbi aviasiyasından raket və bomba zərbələri endirmək üçün istifadə edir.
Rus ordusu Liman, Severodonetsk və Popasnyansk rayonlarında hücum əməliyyatları keçirməyə çalışsa da, uğursuz alınıb. Avdeyevka və Kuraxiv ərazilərində Ukraynanın mövqelərini atəşə tutmaqda davam edir.
Mariupolda Rusiya ordusunun əsas səyləri Azovstal ərazisində Ukrayna hərbi birləşmələrinin qarşısını almağa və onları məhv etməyə çalışmağa yönəlib. Təyyarələrin dəstəyi ilə ruslar zavoda nəzarəti ələ keçirmək üçün yenidən hücuma keçib.
Slobojanski istiqamətində isə Xarkovu atəşə tutmaqda və Ukrayna müdafiə qüvvələrinin bölmələrinin mövqelərini aşkarlamaqda davam edir. İzyum şəhərinin şimalı da artilleriya və minaatanların zərbəsi altındadır.
Baş Qərargah əlavə edib ki, Rusiya Şərq Hərbi Dairəsinin 35-ci Ümumhərbi Ordusunun 38-ci Əlahiddə Motoatıcı Briqadasının bəzi hərbçiləri Ukraynada döyüş əməliyyatlarını davam etdirməkdən imtina ediblər. Briqadanın ciddi itki verdiyi bildirilib.
Ötən gün Ukrayna Hərbi Hava Qüvvələri və Quru Qoşunlarının hava hücumundan müdafiə bölmələri 9 hava hədəfini vurub: 4 PUA və 3 qanadlı raket. İki təyyarə (“Su-30”) də vurulub.
Donetsk və Luqansk vilayətlərində son 24 saat ərzində rus ordusunun 11 hücumu dəf edilib, 5 tank, 7 zirehli döyüş maşını və 5 texnikası məhv edilib.