6 İyul 2022 18:37
525
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna müstəntiqləri dövlətə xəyanətdə şübhəli bilinən siyasətçi Viktor Medvedçukun ailəsindən bir təyyarə və bir helikopteri müsadirə ediblər .

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin Telegram kanalı məlumat yayıb.

Vəzifə səlahiyyətlərindən sui-istifadə və mənimsəmə maddələri ilə ittiham olunan Medvedçuk ailəsinin əmlakı müsadirə edilib.

“Baş Prokurorluğun tələbi ilə onun əmlakına həbs qoyulub. Əmlaklar Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün təhvil verilib”, - nazirliyin məlumatında deyilir.

Viktor Medvedçuk Krımda vətənə xəyanətdə və milli resursları mənimsəməkdə, həmçinin 2014-cü ilin sonu - 2015-ci ilin əvvəlində Donbassdan 200 milyon qrivendən (təxminən 7,6 milyon dollar) çox məbləğdə kömür tədarükündə şübhəli bilinir. O, ev dustaqlığında idi və 2022-ci ilin fevral ayının sonunda qaçmağa cəhd edib.

Ukrayna Təhlükəsizlik Xidməti onu aprelin 12-də saxlayıb. Ukrayna Dövlət Təhqiqatlar Bürosu (DTB) bəyan edib ki, siyasətçi dövlətə xəyanətdə, habelə müharibə qanunlarını pozduğuna görə 15 il müddətinə azadlıqdan məhrum edilə bilər.

Bundan əvvəl məlum olub ki, Medvedçukun məhkəməsi Lvovda bağlı qapılar arxasında keçiriləcək.


Müəllif: Teleqraf.com