Türkiyə Silahlı Qüvvələri və Milli Kəşfiyyat Təşkilatının (MİT) effektli əməliyyatları və kritik fiqurların məhv edilməsi PKK terror təşkilatı daxilində xaosa və daxili qarşıdurmaya səbəb olub.
Teleqraf.com xəbər verir ki, təşkilat Haseke, Raqqa, Deyr əz-Zor, Qamışlı, Mənbiç, Yarubiyə, Tabka və Ras əl-Ayn bölgələrində 2000-dən çox şəxsi MİT agenti ittihamı ilə saxlayıb.
Terror təşkilatı “And əməliyyatı” adlandırdığı prosesdə 65 nəfəri öldürüb. Yaxınları saxlanılan yüzlərlə insan təşkilatın qərargahına gedərək, oğurlanmış ailə üzvlərinin azadlığa buraxılmasını tələb edib.
PKK tərəfindən qaçırılan şəxslərdən 16-nın bölgədə çalışan jurnalist olduğu bildirilib.
Təşkilatın yüksək vəzifəli şəxslərinin kütləvi edam və həbs qərarı iyulun 28-də PKK lideri Duran Kalkan tərəfindən verilib. Qəndilin Şahin Cilo və Mahmud Hidrodan da müdafiə məqsədli yardım istədiyi də məlum olub. PKK tərəfindən edam edilənlər arasında təşkilatın Suriyadakı strukturlarına rəhbərlik edən şəxslər də var.
“PKK-nın Suriya təşkilatının sözçüsü” adlandırılan Fərhad Şami Türkiyə kəşfiyyatının bölgədə çox güclü şəbəkə qurduğunu və terror təşkilatını məhv etmək üçün əməliyyata başladığını açıqlayıb.
Təşkilatın media orqanı bu açıqlamadan sonra bir sıra etiraf videoları yayıb. Hasekeli kürd fəalı Məhəmməd Huso PKK tərəfindən öldürülənlərin bəzilərinin Fərat çayına atıldığını deyib.