8 Avqust 2022 14:10
906
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pandemiya və Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi dünya iqtisadiyyatı və ərzaq təchizatında ciddi problemlər yaradıb. Bundan əlavə, bir sıra ölkələrdə bank sistemləri ağır vəziyyətdir. Qərbin sərt sanksiyaları ilə üzləşən Rusiya tərəfdaş ölkələrdə, məsələn, Türkiyə və Çinin banklarında müxbir hesabları açmağa çalışır. Ancaq bu həm Türkiyə, həm də Çin üçün risklidir.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” araşdırmalar mərkəzinin analitik təhlilində deyilib.

Mərkəzin analitikləri bildiriblər ki, Kremlə qarşı sərt sanksiyalar tətbiq edən Qərb ölkələri Rusiya bankları ilə əməkdaşlıq edən ölkələri də xəbərdar ediblər:

“Bu baxımdan, Ankara qərar verməyə tələsməyəcək. Çindəki banklar da Rusiya ilə əməkdaşlığa meyl etmədən ciddi problemlərlə üz-üzə qalıblar. Çinin bəzi əyalətlərində bankların müştərilərinin etirazları qeydə alınıb. Etirazçıların qarşısını almaq üçün tanklardan belə istifadə olunub. Çin rejimi etirazları yatırmaq üçün sonuncu dəfə tanklardan 1989-cu ildə istifadə edib. Həmin il Pekin paytaxtın ən böyük Tyananmen meydanında tələbələrin siyasi islahatlar tələbinə qarşı ordu və tankları küçələrə çıxarmış, nəticədə bu günə qədər sayı bəlli olmayan insan həlak olmuşdu.

Çinin bir neçə iri bankı müştərilərinin depozitlərini qaytarmaq imkanında deyil. Dondurulmuş hesabların həcmi 6 milyard dollardır. Əlbəttə böyük valyuta imkanlarına malik olan hökumət banklara müştəriləriylə hesablaşmağa vəsait ayıra bilər. Ancaq bu halda hökumət başqa bankları da xilas etmək üçün eyni üsuldan istifadə etmək məcburiyyətində qalacaq ki, problemin miqyası artacaq.

İqtisadçılar yaranan problemi daşınmaz əmlak bazarındakı ağır durumla əlaqələndirirlər. Əmlak bazarında durğunluq tikinti şirkətlərinin borclarının artmasına səbəb olub. Şirkətlər banklara olan borclarını qaytara bilmirlər. İpoteka kreditləri də qaytarılmır”.

Təhlildə qeyd olunur ki, Çində artan iqtisadi problemlər insanların alıcılıq qabiliyyətinə də mənfi təsir edib:

“Financial Times” dərgisinin yazdığına görə, çinlilər son istifadə tarixi bitməkdə olan ərzaq məhsullarını kütləvi surətlə alırlar. Çinlilər bu yolla maliyyə vəsaitlərinə qənaət etməyi düşünürlər. Çində son istifadə tarixi bitməkdə olan ərzaq məhsullarını satan ixtisaslaşmış dükanların sayı artıb.

Məsələn, il ərzində Çində 119 belə dükan açılıb. Halbuki 10 il ərzində ölkədə cəmi 92 belə dükan açılmışdı. Belə dükanlara kasıb ailələrlə yanaşı, orta təbəqə də maraq göstərir. Çində aylıq 600 dollar maaş alan şəxslər orta təbəqə nümayəndələri sayılırlar”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər