Türkiyə müxalifətinin “Altılıq” blokunun (“Altılıq masası”) sürpriz prezidentliyə namizədi, Prezident Rəcəb Tayyib Ərdoğanın rəqibi keçmiş hökumət başçısı Abdullah Gül ola bilər.
Teleqraf.com xəbər verir ki, bu iddia ilə “Sabah” qəzetinin yazarı Mahmud Övür çıxış edib.
O, keçmiş nazir Ərtoğrul Günayın Gülün adına piarla məşğul olduğunu deyib.
Övür eks-prezidentlə yanaşı, İstanbul bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun da namizədliyinin nəzərdən keçirildiyini söyləyib:
“Hər iki şəxsin adı hələ də dövriyyədədir. Amma ən maraqlısı unudulduğu düşünülən Gül adının hallandırılmasıdır. Gülün özü də bunu o qədər istəyir ki, arabir “siyasi bazar”a çıxıb danışır.
Görünən budur ki, Gül yenidən namizəd olmaq prosesinin içindədir. Çoxları CHP-nin Kamal Kılıçdaroğlunun namizədliyinə hazır olduğunu, Gülün namizədliyini qəbul etməyəcəklərini desə də, qərar masadan çıxanda edə biləcəkləri çox şey olmayacaq.
Keçmiş nazir Ərtoğrul Günay da daxil olmaqla kulisdəki bir çox şəxsin Gülün prezidentliyə namizəd olması üçün ciddi piar işləri apardığı deyilir”.
Övür Ankara bələdiyyəsinin sədri Mənsur Yavaşın isə namizədlik üçün o qədər də dəstəyinin olmadığını bildirib.