İsveçdə müxalifətdə olan Sol partiyanın lideri Nuşi Dadqostar partiyasından olan deputatların PKK terror təşkilatını simvolizə edən “bayraq”la poza vermələrini bəyənmədiyini bildirib.
Teleqraf.com xəbər verir ki, bundan əvvəl Sol Partiyadan olan deputatlar Daniel Razat, Momodu Malkom Yallo və Lorena Delqado Varas PKK/YPG terror təşkilatının “bayrağı” ilə poza verərək fotoları sosial şəbəkələrdə paylaşıblar.
Nuşi Dadqostar partiyasının deputatlarının bu davranışlarını bəyənmədiyini və belə bir addım atmayacağını bəyan edib.
İsveç Baş naziri Maqdalena Andersson da Sol Partiyadan olan deputatların terror təşkilatını simvolizə edən əski parçası ilə poza vermələrini qınayıb.
“PKK təkcə İsveçin deyil, Avropa Birliyi ölkələrinin də terror təşkilatı siyahısındadır. Bu bayraqla poza vermək son dərəcə yersizdir”, - baş nazir deyib.
Qeyd edək ki, İsveç Türkiyə ilə anlaşma imzalayaraq, ölkədəki PKK/YPG terrorçularını Ankaraya təhvil verəcəyinə dair üzərinə öhdəlik götürüb.