Türkiyə və ABŞ arasında F-16 sövdələşməsinin pərdəarxası təfərrüatları üzə çıxmağa başlayıb. Tərəflər arasındakı danışıqlar bir müddətdir davam edir. Gələn ay BMT-nin Nyu-Yorkda keçiriləcək sammiti zamanı Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğanla Co Bayden arasında mümkün görüş zamanı bu məsələnin müzakirə ediləcəyi bildirilir.
Teleqraf.com xəbər verir ki, bu barədə “Sabah” qəzeti yazıb.
Türkiyə bu məsələnin uzun prosedurdan keçməsini və prosesin uzanmasını istəmir. Bu səbəbdən də Pentaqonla danışıqlar aparır və məsələnin buradan ABŞ Konqresinə təqdim olunmasını tələb edir. Bu baş verərsə, Konqres müəyyən müddət ərzində F-16 qırıcılarının Türkiyəyə satışını təsdiqləyə bilər. Artıq ABŞ prezidenti bu barədə Konqresə müraciət də edib.
Məsələnin ABŞ-dan mal və xidmətlərin alınmasına nəzarət edən Təhlükəsizlik Yardımının İdarə Edilməsi Komissiyasının (SAMR) iclasında da müzakirə edilməsi planlaşdırılır.
Türkiyə müdafiə sənayesi şirkətlərinin imkanlarını və ixracını artırmaq, yerli müdafiə sənayesinin inkişafına töhfə vermək və ödəmədə tarazlığın pozulmasında yarana biləcək mənfi təsirləri azaltmaq üçün əsas podratçı ilə OFFSET müqaviləsi də imzalanacaq. Beləliklə, qarşılıqlı qazanc üsulu işə düşəcək. Müvafiq şirkət OFFSET müqavilələri üzrə alınacaq F-16-ların müqabilində Türkiyədən müəyyən həcmdə və ya sayda yerli məhsul almalı olacaq.