15 Avqust 2022 10:56
983
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran rejimi ABŞ-da yazıçı Salman Rüşdiyə edilən hücuma münasibətdə susqunluğunu saxlasa da, ölkənin mühafizəkar mediası bundan məmnun olduqlarını, islahatçılar isə hücumun dirçələn nüvə danışıqlarına zərər verə biləcəyini bildirir.

Teleqraf.com xəbər verir ki, Rüşdinin 1988-ci ildə nəşr etdirdiyi “Şeytan ayələri” adlı kitabı İslam dünyasında rezonans doğurub.

1989-cu il fevralın 14-də İranın dövrün dini lideri Xomeyni tərəfindən Rüşdi haqqında ölüm fətvası verilib. Xomeynidən sonra İrana rəhbərlik edən Əli Xameneyi də Rüşdi ilə bağlı fətvanın dəyişməz olduğunu bildirib. İran rejimi Rüşdinin başına 4 milyon dollar mükafat qoyub.

Təxminən bir il əvvəl İranda keçirilən prezident seçkilərində qalib gələn İbrahim Rəisi nüvə anlaşmasına qarşı olan mühafizəkarların dəstəyi ilə hakimiyyətə gəlib. ABŞ-ın 2015-ci ildə “Altılıq”la imzaladığı nüvə sazişindən çıxması İranda mühafizəkarların əlini gücləndirsə də, razılaşmanın həyata keçirilməsi üçün tərəflər arasında danışıqlar davam edir.

Ötən günlərdə Vyanada keçirilən görüşdən sonra Qərb dövlətləri yeni nüvə razılaşmasının imzalanması üçün son mətnin hazırlandığını açıqlayıblar. Yekun razılaşmanın imzalanacağı ehtimalının artdığı bu günlərdə Rüşdiyə hücum İranda mühafizəkarlarla islahatçılar arasında mübahisələrə səbəb olub. Molla rejimi məsələ ilə bağlı açıqlama verməsə də, mühafizəkarlar hadisədən məmnunluqlarını ifadə etməkdən çəkinmirlər.

Xameneyiyə yaxınlığı ilə tanınan mühafizəkar qəzetlərdən biri olan “Keyhan”da dərc olunan məqalədə “Rüşdidən ilahi intiqam alındı, növbədə Tramp və Pompeodur”, “Nyu-Yorkda mürtəd və bədxassəli Rüşdiyə hücum edən o cəsarətli adama halal olsun” və s. kimi ifadələrə yer verilib.

SEPAH-a yaxınlığı ilə tanınan başqa bir mühafizəkar qəzet isə “Qeybdən gələn güllə” ifadəsinə, “Cəmi Cəm” qəzeti isə “Şeytan kor oldu” başlığına üstünlük verib.

Hökumətə məxsus “İran” qəzeti isə Rüşdiyə hücumla bağlı “Şeytanın boynu bıçaq altında” adlı məqaləsində yazır: “İmam Xomeyninin tarixi fətvasından 34 il sonra nəhayət ki, ona hücum edildi”.

Tehran Universitetinin professoru, İranın Qərblə nüvə danışıqlarını aparan nümayəndə heyətinin müşaviri Məhəmməd Mərəndi Tvitter hesabında paylaşdığı mesajında qeyd edib: “İslam və müsəlmanlara qarşı sonsuz nifrət toxumu səpən yazıçı üçün bir damcı göz yaşı belə tökməyəcəm. Rüşdi postkolonial roman yazıçısı kimi maskalanan imperiyanın piyadasıdır”.

İslahatçılara yaxınlığı ilə tanınan “Armani İmruz” qəzeti “Rüşdi təxəllüsü ilə yeni anti-İran dövrü” başlıqlı məqalə dərc edib.

Yenə islahatçılara yaxınlığı ilə də tanınan “khabaronline” internet saytı yeni nüvə anlaşması ərəfəsində belə bir olayın baş verməsinin təsadüfi olmadığını iddia edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər