“ABŞ və Avropa İttifaqının Rusiya ilə təmaslarını sıxlaşdıran Türkiyəyə sanksiya tətbiq edəcəyi ehtimalı çox aşağıdır”.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın “Rossiyskaya qazeta” nəşri yazıb.
Məqalədə deyilir ki, Qərb Rusiya ilə Türkiyə arasında artan əlaqələrdən faydalana bilər.
Rusiyalı siyasi ekspert İvan Starodubtsevə görə, Türkiyə ən azı inandırıcı şəkildə iki oyunçu arasında balans yaratmağa çalışan ağıllı siyasət yürüdür: “Bundan əlavə, Ankara xüsusilə taxıl müqaviləsi vasitəsilə özünü effektli şəkildə təqdim edə bilir”.
Onun sözlərinə görə, Qərb siyasətçiləri Türkiyənin Rusiyaya qarşı sanksiyalardan yayınmasından narahatlıqlarını bildirsələr də, avropalı iş adamları qazancda maraqlıdırlar və bu durumdan istifadə etməyə çalışırlar.
Starodubtsev Türkiyəyə qarşı sanksiyaların tətbiq ediləcəyinə şübhə ilə baxır:
“Birincisi, strateji malları sanksiyaya məruz qalan, amma ölkənin inkişafı üçün önəmi az olan mallardan fərqləndirmək lazımdır. Demək olar ki, heç bir tərəf bunlara nəzarət etməyəcək. Türkiyə çox güman ki, Rusiyaya xüsusi nəzarət altında olmayan zəruri malların idxalına kömək edəcək. Qərb ölkələrinə gəlincə, onlar guya Rusiyaya strateji malların ixracını əngəlləməyə çalışacaqlar, amma ayaqda qalmaq üçün mübarizə aparan Avropa biznesi buna göz yumacaq”.
Ekspertin fikrincə, ikinci dərəcəli sanksiyalar təhlükəsi çətin ki, vəziyyəti dəyişsin: “Mütləq sanksiyaların sərtləşdirilməsi mexanizmi ortaya atılacaq, amma təcrübə göstərir ki, insanlar bunları pozacaqlar”.
Starodubtsev onu da bildirir ki, Ankara qanuni olaraq pul qazanmaq və bazarı genişləndirmək üçün çalışacaq, eyni zamanda bunu edərkən heç bir riskə getməyəcək.
Qeyd edək ki, ötən günlərdə Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında Soçidə keçirilən görüş Qərb ölkələrində rezonans doğurub. Bəzi Avropa ölkələrinin media qurumları bundan sonra Türkiyəyə sanksiyaların tətbiqinin mümkünlüyünü gündəmə gətiriblər.