17 Avqust 2022 17:53
1 080
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyada böyük əks-səda doğuran Türkiyənin Suriya rəhbərliyi ilə dialoq açıqlamaları PKK terror təşkilatını da özündən çıxarıb. Terror təşkilatı prosesi sabotaj etmək üçün sərhəd xətti boyunca təqiblərə başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti yazıb.

Ankara və Dəməşq arasında mümkün danışıqlarla bağlı müzakirələrin davam etdiyi vaxtda PKK-nın Suriya sərhədində fəallığı artıb.

PKK son 3 gündə İraq-Suriya-Türkiyə sərhədinin kəsişmə nöqtəsi olan Yarubiyədən başlayaraq Mardin, Nüsaybin, Akçakale, Suruç, Birecik sərhəd dəhlizi boyunca onlarla təcavüz atəşi açıb, içəriyə sızmağa cəhd göstərib və minaatanlardan zərbələr endirib. Nəhayət, PKK/YPG-nin nəzarətində olan Suriyanın Ayn əl-Ərəb bölgəsindən Birecikdəki Çiçəkəlan sərhəd zastavasına minaatanlardan atəş açılıb. Hücumda türk ordusunun bir hərbçisi şəhid olub, dördü yaralanıb.

Bundan sonra Türkiyənin döyüş təyyarələri və PUA-larla verdiyi əks-cavabı nəticəsində PKK-nın 40-dan çox mövqeyi məhv edilib, 18 terrorçu zərərsizləşdirilib. İraqın şimalında isə 3 PKK-çı öldürülüb.

Fərat çayının şərqində terror təşkilatının işğal etdiyi ərazilərdən atılan 4 minaatan mərmisi Karkamış rayonundakı boş ərazilərə düşüb. Hücuma atəşlə cavab verilib.

Suriya Milli Ordusunun 3-cü Diviziyasının komandiri PKK-nın tunellərə partlayıcı yığdığını və bölgəyə yaraqlılar göndərdiyini bildirib. Onun sözlərinə görə, yüzlərlə ərəb Raqqa, Deyr əz-Zor, Mənbiç və Həsəkədən Ayn əl-Ərəb cəbhəsinə gətirilərək cəbhə xəttində yerləşdirilib.

“Qəndil dəstəsi ən azı 25 kilometr məsafədə yerləşən terrorçulara komandanlıq edir. PKK-nın Ayn əl-Ərəbdə 2500-3000 min nəfərlik qüvvəsi var. Son 2 gündə daha 800-1000 terrorçu bölgəyə gətirilib”, - suriyalı zabit bildirib.

Terror təşkilatının Suriyadakı sözçüsü Fərhad Şami isə baş verənlərə görə Rusiyanı günahlandırıb:

“Türkiyə ilə bölgədə birgə patrul xidmətini dayandırdılar. Türkiyə hərbçiləri və Suriya Milli Ordusu hərtərəfli əməliyyata hazırlaşır. Bu əməliyyat Rusiyanın məlumatlandırılması ilə baş tutacaq. Moskva türklərə təkan verir. Dəməşqlə də danışıqlarımız nəticəsiz qaldı. Əsəd rejimi qərarsızdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər