Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya lideri Vladimir Putin və Suriya başçısı Bəşər Əsəd sentyabrda Özbəkistanın Səmərqənd şəhərində görüşəcək.
Teleqraf.com xəbər verir ki, bu iddia ilə İranın “Təsnim” xəbər agentliyi çıxış edib.
Mənbə görüşün Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Səmərqənddə keçiriləcək sammiti çərçivəsində baş tutacağını iddia edib.
Məlumata görə, Putin Ərdoğanla yanaşı, Bəşəri Əsədi də ŞƏT-in sammitinə qatılmağa çağırıb.
Ukraynadan qayıdarkən jurnalistlərin suallarını cavablandıran Ərdoğan xarici siyasətdə atılan “normallaşma” addımları ilə bağlı belə demişdi:
“Siyasətdə heç bir küskünlük olmamalıdır. Həmişə sülh içində olmalısınız, hər an görüşmək imkanı yaratmalısınız”.
Ərdoğan həmçinin Bəşər Əsədlə bağlı “onu məğlub edib-etməmək kimi bir problemimiz yoxdur” mesajını vermişdi.