Yunanıstan Krit adasında yerləşdirdiyi S-300 hava hücumundan müdafiə sistemlərini işə salaraq, Türkiyənin Aralıq dənizində NATO missiyasını yerinə yetirən F-16 döyüş təyyarəsinə radar kilidi qoyub.
Teleqraf.com xəbər verir ki, Rusiyadan S-400-ləri aldığı üçün Türkiyəyə sanksiya tətbiq edən ABŞ-ın bura qədər S-300-lərdən yalnız təlimlər üçün istifadə etdiyini iddia edən Afinaya bu düşmən münasibətinə görə sanksiya tətbiq edib-etməyəcəyi bəlli olub.
Yunanıstan Xarici İşlər Nazirliyi Kritdəki S-300 sistemlərinin ABŞ qanunlarının nəzərdə tutduğu heç bir sanksiya riski daşımadığını bildirib. ABŞ Dövlət Departamentindən də yunan mətbuatına deyilib ki, sözügedən sistemin Yunanıstanda olması ABŞ-ın Düşmənlərə qarşı Sanksiyalar Yoluyla Mübarizə Qanununda (CAATSA) nəzərdə tutulan sanksiyaların əhatə dairəsinə daxil deyil. ABŞ rəsmisi bu sistemlərin 1990-cı illərdə alındığını, CAATSA-nın isə 2017-ci ildə qüvvəyə mindiyini söyləyib.
Dövlət Departamentinin nümayəndəsi həmçinin qeyd edib:
“Bu durumdan xəbərdarıq. NATO müttəfiqlərimiz olan Yunanıstan və Türkiyəni regionda sülh və təhlükəsizliyi qorumaq və münaqişələri diplomatiya yolu ilə həll etmək üçün birgə işləməyə təşviq etməyə davam edirik. Tərəfləri gərginliyi daha da artıra biləcək davranışlardan çəkinməyə çağırırıq”.