Türkiyənin Rusiyanın əlində olan Zaporojye AES ətrafında münaqişələrin dayandırılması üçün vasitəçilik təklif etdiyi iddia olunur.
Teleqraf.com xəbər verir ki, “Əl-Cəzirə” telekanalı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ötən gün Rusiya prezidenti Vladimir Putinlə telefon danışığında Türkiyənin atom elektrik stansiyası ilə bağlı taxıl dəhlizi razılaşmasına bənzər rol oynaya biləcəyini bildirdiyi barədə məlumat yayıb.
Təklif Beynəlxalq Atom Enerjisi Agentliyinin Zaporojye zavodunu şəbəkəyə birləşdirən əsas elektrik ötürücü xəttinin sıradan çıxdığını elan etməsindən dərhal sonra verilib.
Agentlik elektrik enerjisinin ehtiyat xəttlə aparıldığını bildirib. Ukrayna tərəfi daha əvvəl Rusiyanın bombardmanı səbəbindən şəbəkə bağlantısının kəsildiyini və enerji axınının qısa müddətə kəsildiyini açıqlamışdı.