Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın keçən həftə Balkan turu ilə başlayan diplomatik trafiki bu həftə də Özbəkistan və ABŞ səfərləri ilə davam edəcək.
Teleqraf.com xəbər verir ki, Prezident Ərdoğan cümə axşamı və cümə günləri Səmərqənddə keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) dövlət başçılarının zirvə toplantısına qatılacaq.
14 ölkənin dövlət başçılarının iştirak edəcəyi sammitdə Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə “taxıl dəhlizi”ni müzakirə edəcək.
Ərdoğan Özbəkistan səfərindən sonra 17-22 sentyabr tarixlərində BMT Baş Assambleyasının sammiti üçün ABŞ-a gedəcək. Sammitdə çıxış edəcək Ərdoğanın Şərqi Aralıq dənizi, Rusiya-Ukrayna müharibəsi, Suriya və Yunanıstan başda olmaqla bir çox mövzuda mühüm mesajlar verəcəyi gözlənilir.
Nyu-Yorkda da bir sıra görüşlər keçirəcək Türkiyə liderinin ABŞ Prezidenti Co Baydenlə görüşərək iki ölkə arasında həlli gözlənilən məsələləri, xüsusilə yeni F-16-ların tədarükü və modernləşdirilməsini müzakirə edəcəyi bildirilir.