Ankara Afina ilə münasibətlərdə yeni mərhələyə başlamaq əzmindədir. Teleqraf.com-un Türkiyənin "Anadolu" agentliyinə istinadən məlumatına görə, bu barədə Türkiyənin baş naziri Əhməd Davudoğlu Yunanıstanın baş naziri Antonios Samarasla keçirdiyi birgə mətbuat konfransında bildirib.
Davudoğlu qeyd edib ki, Türkiyə və Yunanıstan arasında artıq heç bir psixoloji maneə yoxdur. O, vurğulayıb ki, hər iki dövlət münasibətlərində yeni mərhələyə başlamağa hazırdır.
"Dövlətlərimiz arasında bir çox layihələr həyata keçirilir, məsələn biz Çanaqqala körpüsünü tikirik. Türkiyə həmçinin Yunanıstanın Asiyaya qapısıdır, Yunanıstan isə bizim Avropaya qapımızdır. Biz energetika sahəsində də əməkdaşlıq edirik. TANAP layihəsinin TAP layihəsi ilə birləşməsi bizi çox sevindirdi. Bizim enerji dəhlizlərimiz birləşir", - Davudoğlu qeyd edib.
Onun sözlərinə görə, müvafiq nazirliklərə enerji dəhlizinin yaradılması məsələsi üzrə birgə iş haqqında tapşırıqlar verilib.
Kipr məsələsinə toxunaraq, Türkiyənin baş naziri qeyd edib ki, danışıqların tezliklə başlayacağına ümid edir.