14 Sentyabr 2022 14:48
1 389
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiyanın nüfuzlu nəşrlərindən “Sankei Shimbun” qəzeti Türkiyə və Prezident Rəcəb Tayyib Ərdoğanın Rusiya və Ukrayna arasında vasitəçi rolunu təhlil edib.

Teleqraf.com xəbər verir ki, Türkiyənin Rusiyaya qarşı sanksiya tətbiq etmədiyi xatırladılan təhlildə Qərbin bundan narahat olduğu, amma Ankaraya güvənməkdən başqa çarələrinin olmadığı bildirilib.

Nəşrə görə, Ərdoğanən Rusiyanın Ukraynaya təcavüzü qarşısında atdığı addımlar Qərbi düşündürür:

“Çünki Türkiyə Rusiya və Ukrayna arasında vasitəçi rolu oynamaqla yanaşı, Moskvaya qarşı sanksiyalarda iştirak etmir. Türkiyənin həm Ukrayna, həm də Rusiya ilə yaxşı əlaqələri var. Qərb bu durumdan narahat olsa da, Türkiyəyə arxalanmaqdan başqa çarəsi yoxdur.

“Financial Times” avqustun ortalarında Türkiyənin Rusiyaya ixracatının may-iyul dövründə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 46 faiz artdığını bildirib. Qərbin Rusiyaya qarşı sanksiyaları ilə 1000-dən çox şirkətin bazardan geri çəkildiyi deyilsə də, görünən odur ki, Türkiyə bu şirkətlərin buraxdığı boşluğu doldurur.

Avropa İttifaqının Xarici Əlaqələr Xidmətinin (EEA) sözçüsü Stano qəzetə deyib ki, Avropanın Rusiya ilə münasibətlərini azaltdığı bir vaxtda münasibətləri dərinləşdirmək məqsədəuyğun deyil.

ABŞ rəhbərliyi Türkiyənin Rusiyaya ixracatındakı artımdan narahat olsa da, vasitəçilik ümidi ilə Ankaranı açıq şəkildə tənqid etməkdən yayınır”.

Yapon nəşrinə görə, Qərb yaranmış vəziyyətdən narahat olsa da, açıq şəkildə Türkiyəyə qarşı çıxa bilməməsinin səbəbi Prezident Ərdoğanın “barışıq diplomatiyası”nın özünü doğrultmasıdır:

“Ərdoğan avqustda həm Rusiya Prezidenti Vladimir Putinlə, həm də ukraynalı həmkarı Zelenski ilə görüşüb. Üstəgəl, Türkiyə Ukraynaya pilotsuz təyyarələr tədarük edir. Bundan başqa, Ərdoğan avqustun əvvəlində Ukraynada müharibə nəticəsində dayandırılmış taxıl ixracını bərpa etməyə müvəffəq olub”.

Nəşr onu da qeyd edib ki, Türkiyə iqtisadiyyatının çətin vəziyyətdə olduğu bir dönəmdə Prezident Ərdoğan xarici siyasətdə qətiyyətli addımlar ataraq, güclü lider imicini yeniləyir, daxili inkişafı hədəfləyir və səslərini daha da artırmaq istəyir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər