ABŞ-ın Milli Təhlükəsizlik müşaviri Ceyk Sallivan Rusiyanın Ukraynada keçirəcəyi qondarma referendumu qəbul etməyəcəklərini və referendum planının Rusiyanın “ümidsizliyinin” əksi olduğunu bildirib.
Teleqraf.com xəbər verir ki, Sallivan Ağ Evin gündəlik mətbuat brifinqində iştirak edib və ölkənin xarici siyasəti ilə bağlı açıqlamalar verib.
Rusiyanın total səfərbərlik elan edə biləcəyini deyən Sallivan bu addımın və mümkün referendumun Rusiyanın Ukrayna ilə müharibədə nə qədər ümidsiz olduğunun göstəricisi olduğunu qeyd edib.
“Rusiyanın Ukraynanı ilhaq etmək üçün qondarma referendumdan istifadə edəcəyini bilirik. Bu referendum suverenlik və ərazi bütövlüyü prinsiplərinə ziddir, beynəlxalq sistemə və Birləşmiş Millətlər Təşkilatının nizamnaməsinə zərbə vurur. Açıq deyim ki, əgər bu referendum baş verərsə, ABŞ heç vaxt Rusiyanın iddialarını qəbul etməyəcək”,- ABŞ-ın yüksək çinli rəsmisi bildirib.