21 Sentyabr 2022 20:00
6 526
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Beynəlxalq Ədalət Məhkəməsindən Tehranın Vaşinqtonun İran aktivlərinə həbsini qanunsuz kimi tanımaq iddiasını rədd etməsini istəyib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Röyter” məlumat yayıb.

ABŞ Dövlət Departamentinin hüquq müşaviri Riçard Visek agentliyə bu işin ümumiyyətlə bağlanılmalı olduğunu bildirib:

“İranın əlləri natəmizdir, buna görə də onun tələbi ilə açılan iş tamamilə dayandırılmalıdır”.

Amerika rəsmisi deyib ki, Tehran aktivlərin müsadirəsi ilə bağlı şikayət verə bilməz, çünki bunların dondurulmasına İranın davranışları səbəb olub.

İran 2016-cı ildə Beynəlxalq Ədalət Məhkəməsində Vaşinqtonu 1955-ci il Dostluq Müqaviləsini pozmaqda ittiham edərək ona qarşı iddia qaldırıb.

Bundan əvvəl ABŞ Ali Məhkəməsi 1983-cü ildə Beyrutdakı ABŞ kazarmasının bombalanması nəticəsində həlak olan Amerika dəniz piyadalarının yaxınlarına 2 milyard dollar məbləğində təzminat ödənilməsi barədə qərar verib. Amerika məhkəməsi 2007-ci il hökmündə iddiaçıların fikrinə əsaslanıb və onlar partlayışın İran rəsmilərinin fəal dəstəyi ilə Livanın “Hizbullah” hərəkatının yaraqlıları tərəfindən törədildiyini deyirlər. Kompensasiyanın İran Mərkəzi Bankının aktivləri hesabına ödənilməsi nəzərdə tutulur.

Vaşinqton hesab edir ki, İran beynəlxalq terrorizmi himayə etməklə Dostluq Müqaviləsini pozan ilk ölkə olub. İran bu ittihamları rədd edir.

“Röyter” yazır ki, iş üzrə 2023-cü ildə son qərarın verilməsi gözlənilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər