Yaponiya Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) ölkənin Vladivostok konsulluğunun diplomatlarından biri Motoki Tatsunorini casusluq iddiası ilə həbs etməsinə etiraz edib.
Teleqraf.com xəbər verir ki, Rusiyanın Tokiodakı səfiri Mixail Qaluzin FSB yapon diplomatı saxladıqdan və onu persona non qrata elan etdikdən sonra Yaponiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Yaponiyanın xarici işlər naziri Hayaşi Yoşimasa Motokinin gözünün bağlandığını, ona fiziki təzyiq edildiyini bildirib.
Yapon diplomatın casusluq iddialarına baxmayaraq, heç bir qeyri-qanuni fəaliyyət göstərmədiyini deyən nazir Hayaşi, Rusiyanın bu mövqeyini Vyana Konvensiyasının açıq və ciddi şəkildə pozulması kimi qiymətləndirib.
Xarici İşlər Nazirliyi Rusiya səfiri Qaluzinə hadisə ilə bağlı kəskin etiraz edib və Rusiyanın üzr istəməsi tələb olunub.
Yaponiya hökumət rəsmisi Matsuno Hirokazu da Motokinin səhhətində heç bir problem olmadığını bildirib və yapon diplomatın bir həftə ərzində Rusiyanı tərk edə biləcəyini bildirib.
FSB isə qeyd edir ki, diplomat Motoki Tatsunori pul müqabilində Rusiyanın Asiya Sakit Okean ölkəsi ilə əməkdaşlığı və Qərbin sanksiya siyasətinin Primorsk bölgəsindəki iqtisadi vəziyyətə təsiri barədə məhdud məlumat verərkən saxlanılıb.
Rusiya tərəfinin hadisə ilə bağlı Yaponiyanın Moskvadakı səfirliyinə etiraz notası göndərdiyi bildirilən açıqlamada Motokinin “diplomatik statusundan kənar hərəkət etdiyi” səbəbi ilə persona non qrata elan edildiyi qeyd edilib.