Yunanıstan və ABŞ-ın qeyri-hərbi statuslu Midilli və Sisam adalarına qanunsuz silah-sursat və hərbi texnika göndərməsi Türkiyənin gündəmindən düşmək bilmir.
Teleqraf.com xəbər verir ki, “Yeni Şafak” qəzeti ABŞ və Almaniya silahlarının qeyri-hərbi statusda olan 23 adada yerləşdirildiyini yazıb.
Egey dənizindəki 23 adada tanklardan tutmuş haubitsalara, zenit sistemlərinə qədər onlarla ABŞ və Almaniya istehsalı silah-sursatlar yerləşdirilib.
Çanaqqala boğazına baxan Quşadası və Taşoz yaxınlığındakı Axikeriya adasında yerləşdirilən yunan qoşunları ABŞ istehsalı “Hummer” cipləri və M113 APC zirehli personal daşıyıcısı ilə təchiz olunub. Çanaqqala yaxınlığındakı Limni adasında ABŞ istehsalı “Tow” tank əleyhinə silahlar da var.
Limni adasındakı hərbi hava limanında isə Yunanıstanın 130-cu döyüş eskadrilyasına məxsus ABŞ istehsalı F-16 döyüş təyyarəsi yerləşdirilib.
Adalarda yerləşdirilmiş mexanikləşdirilmiş bölmələrdə lülələri Türkiyəyə tuşlanmış ABŞ istehsalı M-48 tankları da diqqət çəkir. “Apache” hücum helikopterləri qeyri-hərbi statuslu adalarda yer alan başqa bir ABŞ istehsalı silahdır. M-16 piyada avtomatları, 81 millimetrlik minaatanlar, 105 millimetrlik haubitsalar, özüyeriyən haubitsalar da ABŞ-ın Yunanıstan ordusuna verdiyi silahlar sırasındadır.
ABŞ-dan sonra yunan adalarının silahlanmasına ən çox töhfə verən ikinci ölkə Almaniyadır. Yunan hərbçilərinin qeyri-hərbi statuslu adalarda istifadə etdikləri hərbi maşınların əksəriyyəti Almaniya istehsalıdır.
Bundan əlavə, Almaniya istehsalı “Rheinmetall” MK 20 zenit silahları da adalarda yerləşdirilib.