5 Oktyabr 2022 16:22
1 492
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Akif Çağatay Kılıç hakim Ədalət və İnkişaf Partiyasının (AKP) nümayəndə heyətinin Vaşinqtonda başda F-16 olmaqla müxtəlif mövzulardakı təmaslarını dəyərləndirib.

Teleqraf.com xəbər verir ki, Kılıç xüsusilə ABŞ Senatı və Nümayəndələr Palatasının müvafiq komitələrinin Türkiyəyə F-16 satışı ilə bağlı qəbul etməyəcəkləri şərtlər irəli sürməyə çalışdıqlarını deyib.

Türkiyə rəsmisi bunu beynəlxalq siyasətə, müttəfiqlik ruhuna uyğun olmayan davranışlar olduğunu söyləyib.

Bununla belə, may ayından sonra ABŞ-a ikinci səfərlərinin də faydalı olduğunu bildirən Kılıç səfər çərçivəsində Senat və Nümayəndələr Palatasının üzvləri ilə görüşdüklərini vurğulayıb.

Kılıç F-16-ların alınması prosesinin davam etdiyini açıqlayıb:

“Bu məsələdə ABŞ administrasiyasının və Konqresin öz yanaşması var. Bəzi sövdələşmələr satışdan əvvəl Konqresin təsdiqini tələb edir. Bu kontekstdə birbaşa danışıqlar aparmaq üçün ora getdik”.

Komitə sədri danışıqlarda ümumilikdə müsbət atmosferin olduğunu deyib:

“Fikir mübadiləsində irəli sürdüyümüz bir çox məsələlər qəbul olundu. Təbii ki, onların fərqli fikirləri ola bilər. F-16 döyüş təyyarələrinin satışı ilə bağlı, xüsusilə ABŞ Senatı və Nümayəndələr Palatasının xarici əlaqələr komitələri qəbul etməyəcəyimiz şərtləri ortaya qoymağa çalışırlar. Açıq şəkildə bildirdik ki, bunlar yanlış fikirlərdir, beynəlxalq siyasətə, müttəfiqlik ruhuna uyğun gəlməyən davranışlardır.

Burada bəzi şəxslərin fəallığı diqqət çəkir. Hamımızın bildiyi kimi, Senatın Xarici Əlaqələr Komitəsinin sədri Bob Menendezin mənfi yanaşması var, amma bu səylərinin uğurlu ola biləcəyini düşünmürəm. Bəzi məsələlərdə də fikir ayrılıqlarımız var, amma biz NATO müttəfiqi və hazırda regionun ən güclü ölkəsi kimi ciddi şəkildə dəstəklənməliyik”.


Müəllif: Mənsur Rəğbətoğlu