5 Oktyabr 2022 21:57
2 220
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran dünən artilleriya və dronlarla İraqın şimalındakı bəzi nöqtələri yenidən vurduğunu açıqlayıb.

Teleqraf.com xəbər verir ki, İran ordusunun bölmələri Seydikan bölgəsi, Halqurd və Bərbəzin təpələrindəki mövqeləri atəşə tutub.

İran bundan əvvəl 24-28 sentyabr və 1 oktyabr tarixlərində İKDP, “Komele” və PAK təşkilatlarının Şimali İraqdakı qərargahlarına raket və PUA-larla hücum edib. İnqilab Keşikçiləri Korpusunun (SEPAH) quru qoşunları komandanı briqada generalı Məhəmməd Pakpur hücumu 73 ballistik raket və PUA ilə həyata keçirdiklərini və hədəfləri vurduqlarını bildirib.

Pakpur deyib ki, İraqın şimalında məskunlaşmış “antiinqilabçı” və “separatçı terror qruplaşmaları” tamamilə tərksilah olunana qədər İranın hücumları davam edəcək.

İran təkcə son bir həftə ərzində İraqın şimalına dörd dəfə təcavüz edib. Sentyabrın 24-də İran “Komele” və İKDP-nin qərargahını artilleriya ilə vurmuşdu. SEPAH “Komele” və İKDP-ni xaos yaratmaq üçün sərhəd bölgələrinə silahlı qruplar və çoxlu sayda silah göndərməkdə ittiham edərkən, Məhsa Əmininin polis tərəfindən qətlə yetirilməsi ilə bağlı ölkədə başlayan etirazlar davam edir.

İraq Xarici İşlər Nazirliyi sentyabrın 28-də hərbi təcavüzə görə İrana nota verib. İraq İrandan təcavüzkar addımlarını bir daha təkrarlamamağı tələb edib.

ABŞ ötən həftə İranın təcavüzü ilə bağlı verdiyi açıqlamada İraqa dəstək verib.

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays İranı qonşu ölkənin ərazi bütövlüyü və suverenliyini pozmaqda ittiham edib:

“İranın İraq Kürdüstanı bölgəsinə ballistik raket və dronlarla hücumlarını İraqın suverenliyi və ərazi bütövlüyünün əsassız pozulması kimi kəskin şəkildə pisləyirik”.

Prays İran ordusunun bölgədə dinc sakinləri hədəf aldığını da açıqlayıb.

“İran hökumətinin İraqa yenidən hücuma keçəcəyi ilə bağlı təhdid xarakterli bəyanatlarını da pisləyirik. İraqın suverenliyinə qarşı bu təkəbbürlü hücumlar qarşısında İraq xalqı və hökumətinin yanındayıq”, - ABŞ rəsmisi vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu