Rusiyanın Ukraynaya qarşı atdığı raketlərin bəziləri Moldova hava məkanından keçir. Bunun bir daha təkrarlanmayacağına dair heç bir zəmanət yoxdur. Bu səbəbdən təhlükəsizlik məsələlərində Qərb tərəfdaşlarımızdan, NATO və Rumıniyadan dəstək istəyirik.
Teleqraf.com xəbər verir ki, bunu TVR kanalına müsahibəsində Moldovanın Müdafiə naziri Anatoli Nosatiy bildirib.
Moldovada səfərbərlik elan olunub-olunmayacağı sualını cavablandıran Nosatiy deyib:
“Bu ssenarinin baş verməsi üçün Ukraynada cəbhədə ciddi dəyişikliklər baş verməlidir. Məsələn, münaqişə sərhədlərimizə doğru irəlilədikdə, Ukraynadan ölkəmizə immiqrasiyada dəyişikliklər olarsa və ya döyüş bölgəsində qoşunların səfərbər olunmasını müşahidə ediriksə, bu baş verə bilər. Təbii ki, bu halda reaksiya verə bilmək üçün müəyyən tədbirlər görməliyik”.
Qeyd edək ki, Moldova Prezidenti Maia Sandu oktyabrın 17-də Rusiyanın Moldovanın suverenliyinə və təhlükəsizliyinə müdaxilə edəcəyi təqdirdə lazımi tədbirlərin görüləcəyini açıqlayıb.