İsrail Müdafiə naziri Benni Qantzın oktyabrın 26-da Türkiyəyə gələcəyi gözlənilir.
Teleqraf.com xəbər verir ki, İsrail müdafiə nazirinin gözlənilən səfəri Yunanıstanda panikaya səbəb olub.
İsrailin bir hərbi təyinatlı şirkəti yunan pilotlara uçuş təlimi verməyə başlayıb. İsrailin müdafiə naziri Benni Qantz ötən həftə Yunanıstana getməli və Kalamatadakı bu mərkəzi ziyarət etməliydi. Amma planlaşdırılan səfər ləğv edilib.
Ayın 26-da Ankarada türk həmkarı Hulusi Akarla görüşəcək İsrail müdafiə naziri Benni Qantzın Yunanıstana planlaşdırılan səfərini son anda ləğv etməsi Afinanı təəccübləndirib. İsrail rəsmiləri həmin gün Qantzın ölkədə qalmasının səbəblərinin olduğunu bildiriblər.
Rəsmi Yerusəlimdən verilən açıqlama Afinanı arxayın salmayıb, Qantzın Yunanıstana yox, Türkiyəyə getməsi yunanları təşvişə salıb. Yunan mətbuatı bu gəlişməni “qəribə” olaraq şərh edir və bildirir ki, bu, Yunanıstan üçün yaxşı əlamət deyil.
Türkiyənin Şərqi Aralıq dənizi və regional proseslərdə İsrailin əsas müttəfiqinə çevrildiyini diqqətə çatdıran bəzi yunan nəşrləri Yunanıstanın bölgədə gərginliyi daim artıran tərəf olması səbəbindən müttəfiqlərinin ondan uzaqlaşmağa başladığını yazırlar.