Almaniya Kansleri Olaf Şolz Yunanıstan hökumətinin nasist işğalına görə bu ölkəyə yüz milyardlarla avro təzminat ödəməsi tələbini rədd edib.
Teleqraf.com xəbər verir ki, kansler işğal məsələsinin hüquqi və siyasi baxımdan bağlandığını deyib.
Yunanıstanın xarici işlər naziri Nikos Dendias bundan əvvəl bildirib ki, təzminat məsələsi həm hökumət, həm də yunan cəmiyyəti üçün yarımçıq qalır və bu, bir prinsip məsələsidir.
Yunanıstan rəsmiləri indiyədək təzminat almamış Şərqi Avropa ölkələrinə müharibə təzminatı ilə bağlı Avropa Şurasına təqdim edilməsi məqsədi güdən təklif hazırlamaq üçün serbiyalı həmkarları ilə müzakirə aparırlar.
Yunanıstan 1945-ci ildən bəri “məcburi” olduğunu dediyi təzminatın ödənilməsinə çalışır, amma Almaniya tərəfindən həmişə rədd edilir.
Berlin borcunu niyə ödəmədiyini bir neçə arqumentlə əsaslandırır. Afina bütün bu arqumentləri etibarsız sayaraq rədd edir.
Nasist ordusu 1941-ci ildə Yunanıstanı işğal edərək, 1944-cü ilə qədər orada qalıb. İddiaya görə, bu dövrdə Yunanıstanda yüz minlərlə dinc insan, ümumilikdə isə əhalinin 13 faizi qətlə yetirilib.
Almaniya İkinci Dünya Müharibəsi başa çatdıqdan sonra İsrail və Polşaya on milyardlarla avro təzminat ödəyib.