PKK terror təşkilatının iranlı üzvü Cavad Attarək Türkiyə ordusunu hədələdiyi Metina vadisində öldürülüb.
Teleqraf.com xəbər verir ki, İraqın şimalında aprelin 17-də başlayan “Pəncə kilid” əməliyyatında PKK-ya daha bir zərbə endirilib.
Təşkilatın Metinadakı birləşməsinin lideri, “Yekta” ləqəbli Cavad Attarək iki mühafizəçisi ilə birlikdə zərərsizləşdirilib.
Terrorçu öldürülməzdən bir müddət əvvəl Metinada PKK-nın media orqanına açıqlama verərək, “Türk ordusu irəliləyə bilməz, buranı onlar üçün məzara çevirəcəyik” demişdi.
22 ildir PKK-nın dağ dəstəsində olan terrorçu Attarək həm də terror təşkilatının silahlı qolu HPG-nin “Hərbi Şura”sının üzvü olub.
2002-ci ildə İraqda öldürülən, terror təşkilatının liderlərindən biri olan Osman Öcalanla birlikdə təşkilatdan ayrılan və İraqın Süleymaniyyə şəhərində məskunlaşan terrorçu ölkəsinə qayıda bilmədiyi üçün əfv istəyərək yenidən PKK-a qoşulub. Attarək kürd, türk, ərəb və fars dillərini mükəmməl bildiyi üçün vaxtaşırı Qəndilə müsahibə üçün gedən jurnalistlərə tərcüməçi və bələdçilik edib.
Suriyada vətəndaş müharibəsi başlamazdan əvvəl 2004-cü ildə “Əl Müxabərat” tərəfindən əsir götürülən terrorçu Cavad Attarəkin 8 il həbsdə qaldıqdan sonra İran hakimiyyətinə təhvil verildiyi bildirilib.
İranda edam hökmü ilə mühakimə olunaraq iki il həbs olunduqdan sonra həbsxanadan “qaçan” terrorçu Attarək yenidən İraqın şimalında terror təşkilatına qoşulub.
Türk ordusunun “Zeytun budağı” əməliyyatında yaralandıqdan sonra PKK tərəfindən Metinaya göndərilib. Türk ordusunun Metinada 14 əsgərinin şəhid olduğu terror aktını planlaşdıran şəxsin də o olduğu bildirilib.