Avropa İttifaqı Şurası Şərqi Aralıq dənizində qazma fəaliyyəti ilə əlaqədar Türkiyəyə qarşı tətbiq edilən sanksiyaların 2023-cü il noyabrın 12-dək uzadılmasına qərar verib.
Teleqraf.com xəbər verir ki, Avropa Şurasının internet saytında dərc olunan məlumatda “Türkiyənin Şərqi Aralıq dənizində icazəsiz neft kəşfiyyatı fəaliyyəti ilə əlaqədar” tətbiq edilən sanksiyaların daha bir il müddətinə uzadıldığı bildirilib.
Bu kontekstdə Avropa İttifaqı Şərqi Aralıq dənizində karbohidrogen qazma fəaliyyətlərində iştirak edən və ya bu işlərə görə məsuliyyət daşıyan şəxslər və qurumlar üçün məhdudlaşdırıcı tədbirlər tətbiq edir.
Sanksiyalara həmçinin həmin şəxslərin Aİ ölkələrinə səfərlərinin əngəllənməsi və aktivlərinin dondurulması da daxildir. Bu çərçivədə adları siyahıda qeyd olunan şəxslərin Aİ-nin fərd və təşkilatlarından vəsait alması da qadağan edilib.
İndiyədək iki nəfərə qarşı sanksiya tətbiq olunub.
Aİ Türkiyənin Şərqi Aralıq dənizində təbii qaz kəşfiyyatı fəaliyyəti ilə əlaqədar sanksiyaların hüquqi çərçivəsini 2019-cu ilin noyabrında razılaşdırıb.
2020-ci ilin fevral ayında Türkiyə Neft Şirkətinin (TPAO) iki rəhbər şəxsi sanksiya siyahısına salınıb. Həmin il noyabrın 11-də Aİ Türkiyənin Şərqi Aralıq dənizində tədqiqat fəaliyyətlərinə görə mərhələli sanksiyalar tətbiq etmək qərarına gəlib. Ötən il noyabrın 11-də qərarın müddəti bir il uzadılıb.