9 Noyabr 2022 17:35
521
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sistan-Bəlucistan əyalətində molla rejimi əleyhinə fəaliyyət göstərən “Ceyşül Ədl” təşkilatının üzvü olduğu iddia edilən iki nəfər “terror aktı” törətdiyi üçün edam edilib.

Teleqraf.com xəbər verir ki, “Təsnim” agentliyi Rəşid Bəluc və İshaq Əskaninin Sistan-Bəlucistan əyalətinin Zahidan şəhərində “təhlükəsizlik qüvvələrinə qarşı silahlı hücumlar və terror aktları törətdikləri” səbəbiylə dara çəkildiyini yazıb.

Bəluc və Əskani 2016-cı ildə vilayətin Cəbruq və Riddik sərhəd ərazilərində 4 hərbçinin öldüyü silahlı hücumun səbəbkarı olmaqda ittiham olunurdu.

Digər tərəfdən, mərkəzi İngiltərədə olan Bəluc Fəalları Təşkilatı ötən il İranda 79 bəlucun müxtəlif saxta ittihamlarla edam edildiyini açıqlayıb.

Pakistan və Əfqanıstan sərhədində yerləşən Sistan-Bəlucistan əyalətində molla rejimi tərəfindən “terror təşkilatı” sayılan “Ceyşül Ədl” ilə rejimin təhlükəsizlik qüvvələri arasında tez-tez silahlı toqquşma baş verir. “Ceyşül Ədl” bölgədə molla rejimi tərəfindən hüquqları pozulan bəlucları müdafiə edir.

Sünnilərin çoxluq təşkil etdiyi Sistan-Bəlucistan əyaləti son günlərdə rejim əleyhinə etirazlara səhnə olur. Molla rejiminin təhlükəsizlik qüvvələrinin bölgədə keçirilən nümayişlərə odlu silahlarla müdaxiləsi nəticəsində çoxlu sayda insan həlak olub və yaralanıb.

Vilayətdə son iki ayda təhlükəsizlik qüvvələrinin nümayişçilərə qarşı müdaxiləsi nəticəsində 100-dən çox dinc insanın həlak olduğu bildirilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər