ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Ukraynaya kritik hava hücumundan müdafiə vasitələrini ehtiva edən yeni müdafiə yardımı paketi təqdim edəcəyini bildirib.
Teleqraf.com xəbər verir ki, yeni yardım paketinə hava hücumundan müdafiə sistemləri də daxil ediləcək.
Ukraynaya yeni müdafiə yardım paketinin bu gün açıqlanacağı gözlənilir.
Sallivan yardımın həcmi barədə məlumat verməsə də, paketə HAWK hava hücumundan müdafiə sistemləri və ABŞ-ın Avenger hava hücumundan müdafiə sistemi üçün raketlərin də daxil olacağını bildirib.
Keçən həftə Kiyevə getdiyini, prezident Vladimir Zelenski və yüksək səviyyəli digər rəsmilərlə görüşdüyünü bildirən Sallivan hava hücumundan müdafiə sisteminin ukraynalılar üçün kritik əhəmiyyət daşıdığını vurğulayıb.
ABŞ-ın Ukraynaya hər cür lazımi yardımı kəsməyəcəyini qeyd edən Sallivanın sözlərinə görə, Rusiya Ukraynada mühüm mülki infrastrukturlara hücum üçün qanadlı raketlərdən və İran istehsalı pilotsuz təyyarələrdən istifadə etməyə davam edir.
ABŞ rəsmisi əmindir ki, Rusiyanın Xersondakı müdafiə xəttinin Dnepr çayının sol sahilinə çəkməsi ukraynalılar üçün tarixi dönüş nöqtəsi olacaq.
Bu çəkilmənin müharibənin bitməsi anlamına gəlmədiyini bildirən Sallivan Rusiya ilə danışıqlar mövzusunda Kiyevə ABŞ-ın heç bir təzyiq göstərməyəcəyini qeyd edib.